52 yaşlı anasını zorlamağa çalışan şəxsə xəstəxanada 6 bıçaq vurdu

13 Sentyabr 2017 14:12 (UTC+04:00)

Anasına təcavüz etməyə cəhd edən şəxsə ağır bədən xəsarətləri yetirməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Vidadi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 29.120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddəsilə ittiham edib və onun 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, hadisə Qubanın Mirzəqışlaq kəndində baş verib. 33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. O, Samir Məmmədovaya təcavüz etmək istəyib.

Bu zaman münaqişə yaranıb və Samirə Bəhruzun üzərinə qaynar su töküb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona cərahiyyə şöbəsinə müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.
Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, Vidadi Məmmədovun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, Vidadi Məmmədov bu əməlini zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində edib: "Vidadinin niyyəti zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmək olub. Zərərçəkmiş Pərviz Paşayev təqdirləndirilən şəxsin anasına təcavüz etməyə cəhd edib. Bunu görən Vidadi də bu hərəkəti edib. Həmin vaxt Vidadi affekt vəziyyətində olub, həyəcanlanıb və özünü itirib. Onu da qeyd edim ki, zərərçəkmiş şəxs və atası məhkəmədə dedi ki, guya Vidadinin anası Bəhruzu özü evə dəvət edib. Bu fikirlər necə də absurddur. Axı evdə iki gəlini, iki oğlu olan vaxt bir qadın, özü də 1961-ci il təvəllüdlü xanım bu hərəkəti necə edə bilər? Bəhruz içkili vəziyyətdə olub və bu qanunsuz əməli törədib. Vidadi Bəhruzu öldürmək istəməyib, törətdiyi əmələ görə onu cəzalandırıb, cinsiyyət orqanını kəsmək istəyib. Məhkəmədən ədalətli qərar gözləyirik. Bir insan anasının namusuna göz tikən şəxsi cəzalandırıb. Bu hadisə təqsirləndirilən şəxsin əməlinə görə baş verib. Aşağı həddən də aşağı həddə cəza istəməsini xahiş edirəm. Vidadinin əməlinin cinayət məcəlləsinin 126.1-ci maddəyə tövsüf edilməsini istəyirəm".

Müdafiəçi əlavə edib ki, Vidadi Məmmədovun iki azyaşlı uşağı var: "3 qardaşdılar. Ataları 2003-cü ildə dünyasını dəyişib. İndi kənddəki evlərini satışa qoyublar ki, satıb ölkəni tərk etsinlər. Bütün ailə üzvləri travma yaşayıb. Vidadinin azyaşlı uşaqlarının, habelə polisə könüllü təslim olmasını yüngülləşdirici hal kimi nəzərə alınmasını da xahiş edirəm".
Dövlət ittihamçısı bildirib ki, Bəhruz Paşayev barəsində Quba Rayon Prokurorıuğunda 29.149 (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb: "İş Quba Rayon Məhkəməsinə göndərilib. Amma məhkəmə Bəhruz Paşayev barəsində həbs qətimkan təsbiri seçilməyib. Həmin zərərçəkən şəxs hazırda təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub"
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Vidadi Məmmədov 11 il 3 ay azadlıqdan məhrum edilib.