Dönərxanalarda mənşəyi naməlum olan çiy ət aşkarlanıb

1 Mart 2013 13:30 (UTC+04:00)
"Paytaxtda 7 dönərxananın fəaliyyəti dayandırılıb. Həmin dönərxanara ötən il də təsdiq edilmiş "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartının tələblərinə riayət etmələri üçün vaxt verilib".
Bu məlumatı Movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib. Onun sözlərinə görə, "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartının tələblərinin yoxlanılması üçün paytaxt dönərxanalarında aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Dönər istehsalı və satışı məşğul olan dönərxanalarda yoxlamalar zamanı bəlli olub ki, dönər hazırlanması üçün istifadə edilən çiy ətin mənşə sertifikatı yoxdur.  Həmçinin yoxlama zamanı istehsal prosesinin aparılması üçün standartların tələblərinə uyğun olmayan dönərxanalar da aşkarlanıb".
F. Talıblı dönərxanalarda yoxlamaların bu gün də davam etdirildiyini söylədi. Onun sözlərinə görə, təkcə ötən il 30-a qədər dönərxananın fəaliyyətinə xitam verilib.  
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 10 oktyabr 2012-ci il tarixli 106 nömrəli əmri ilə AZS 744-2012 "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilib. Standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilib. Amma hələdə əksər dönərxanalarda dönər istehsalı və satışı bu standartın tələbinə uyğunlaşdırılmayıb. Bu standartın tələblərinə uyğun olaraq dönər ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır. Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir (misal üçün, resepturada 200 qram qeyd olunubsa, ətin kütlə payı 100 qramdan az olmamalıdır). Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcə C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Standartda həmçinin dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Belə ki, personal QOST 30524 tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.