TQDK martın 3-də magistraturaya qəbul imtahanının ilk mərhələsini keçirəcək

1 Mart 2013 17:29 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Komissiyadan cümə günü Movqe.az-a verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçiriləcək. İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim edib. Onlardan 19080 nəfəri Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10154 nəfəri oğlan, 11469 nəfəri isə qızlardır. Bakalavrlardan 11963 nəfəri cari ilin məzunları, 9660 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1994-cü il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçiriləcəkdir. Bakıda 18092, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 144 imtahan rəhbəri, 1638 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.