Dərslik müəllifləri üsyana qalxdılar

4 Mart 2013 15:33 (UTC+04:00)
4-cü sinif üzrə 3 dərsliyin - "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin müəllifləri Movqe.az vasitəsilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) cavab veriblər.  Sözügedən dərsliklərinin tədrisdə istifadəsinin məqsədəuyğun hesab edilməməsi barədə TQDK-nın iradlarına  dərslik müəlliflərinin münasibəti belə olub. 4-cü sinif "Azərbaycan dili" dərsliyinin əsas müəllifi Rafiq İsmayılov TQDK-da dərslikləri qiymətləndirənləri "testoloqlar" adlandırıb: "Ümumiyyətlə adam bir iş  görür ki, faydası olsun. Amma nə TQDK-nın dərsliklərlə bağlı hazırladığı rəylərin, nə dəki biz müəlliflərin boş yerə vaxt itirərək onlara cavab üçün yazdığımız rəylərin heç kəsə faydası yoxdur.  TQDK-nın ekspertləri  "Azərbaycan dili"dərsliyi ilə bağı əsassız iradlar bildiriblər ki, o iradların 4-cü sinif şagirdlərinə heç bir dəxli yoxdur. İrad tutublar ki, əsgər marşının müəllifini səhv göstərmisiniz. Ümumiyyətlə bu məsələ həmişə mübahisəli olub. Gah deyirlər bu marşın müəllifi Əli Kamidir, gah da deyirlər Əhliyyat Süleymanovdur. Bir mübahisə bununla bağlıdır. Digər irad isə maddiyyatın önə çəkilməsidir. TQDK bizi qınayır ki, niyə pulla bağlı məsələləri önə çəkirik. Digər tərəfdən isə bizə məsləhət görülür ki, kiçik yaşlarından uşaqlara pulun əhəmiyyətini, onu xərcləmək barədə marifləndirək. Biz də mətnlərdə puldan qənaətlə xərcləməyi təlqin edən tapşırıq vermişik. Digər tapşırıqda iki qardaşdan birinin qənaət edərək daxılında saxladığı pulu dərman şüşəsini qıran uşağa verməsi ilə həm puldan qənaətli istifadənin faydasını, həmçinin də humanistliyi təbliğ etmişik. TQDK bunu da səhv hesab edir. Dil qaydaları ilə bağlı çox yalnış iradlar bildiriblər. Biz dərslikləri məzmun standartlarına uyğun hazırlamışıq. Hansı ki, həmin dərsliklər 44 meyara əsasən qiymətləndirilib. Amma TQDK 3 parametri əsas tutur. Bunlar məzmun, dil-üslub və bədii tərtibad dizayndır. Halbuki, bu parametrlərin hərəsinin altında 10 meyar dayanır. TQDK bunları nəzərə almayıb.  Ümumiyyətlə TQDK-nın iradlarının demək olar ki, mütləq əksəriyyəti əsassız test nöqteyi nəzərindən baxılıb qiymətləndirilib. Testoloqlar yığışıb dərsliklərlə bağlı rəy hazırlayıblar. Nə var, nə var testdə bu belə göstərilməyib. Halbuki, dərsliklərin qiymətləndirilməsində iştirak edənlər dərslik sahəsində təcrübəsi olan ən sanballı adamlardır. Dərsliklərin Qiymətləndirmə Şurasında bu sahənin "qaymaqları" təmsil olunur. Yerdə də elələri qalıb ki, onlar bu sahədə elə də təcrübəli, sanballı şəxslər sayılmırlar, onlar da TQDK-ya yığılıb".
4-cü sinif "Riyaziyyat"  dərsliyinin əsas müəllifi Nayma Qəhrəmanova isə  TQDK-nın ittihamları ilə qəti surətdə razı olmadığını bildirdi: "TQDK iddia edir ki,  dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir, proqramdan çoxlu sayda kənaraçıxmalar var. Birinci irad, dərsliyin təhsil proqramını (kurikulumu) tam əhatə etməməsi tamamilə yalnışdır, heç bir əsası yoxdur. Buna sadəcə dərsliyi vərəqləməklə də əmin olmaq olar. Proqramdan kənara çıxmaq isə kirikulumun tətbiqi ilə yeni yanaşmanın gətirilməsi ilə bağlıdır. TQDK- irad bildirir ki, uşaqlara toplama, çıxma əməlləri yerinə yetirilərkən ədəd oxunun tətbiqi yolverilməzdir. Amma bütün dünyda dərsliklərdə bu üsul istifadə olunur. Uşaq bu əməlləri vizual olaraq yerinə yetirəndə  daha tez qavrayır. Tutaq ki, biz tapşırıq veririk ki, beşin üstünə 3 gəlinsin. Bu tapşırığı konkret həndəsi fiqurla yaxud şəkillə verdikdə uşaq daha tez qavrayaraq həll edir. Biz bu tapşırığı belə veririk 5 gül üstə gəl 6 gül. Uşaq gülləri sayaraq üst-üstə gəldikdə hansı rəqəmin alındığını həm görür, həmçinin deyir. Ümumiyyətlə TQDK-nın dərsliklərlə bağlı rəyi hazırlandıqda çox arzulanandır ki, bu zaman ümumi təhsilin inkişafı nəzərə alınsın. Ədalətli baxış olsun".
4-cü sinif "Həyat bilgisi" dərsliyinin müəllifi Bahar Kərimova isə  dərsliyin onun subyektiv mülahizələrinə əsaslandığı ilə bağlı iradın yalnış olduğunu bildirdi: "Dərsliyin subyektiv olaraq mənim öz fikirlərindən ibarət olduğunu söyləmək yolverilməzdir. Mən hazırda TQDK-ya cavab hazırlayıram".
Qeyd edək ki, TQDK respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün "Azərbaycan dili" dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki, "Azərbaycan dili 4" dərsliyinin (müəlliflər: R. İsmayılov, S. Abdullayeva, D. Cəfərova, X. Qasımova) respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik yenidən hazırlanmalıdır.
Ekspert Şurasının qərarında qeyd olunur ki, "Azərbaycan dili" dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol verilib.  4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilib. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur. Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Rəydə bildirilir ki, maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil. Bir neçə məqamda isə illüstrasiyalar münasib sayılmayıb.
"Riyaziyyat" dərsliyində qeyd olunur ki, dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki ayrı dərsliklərdir. Dərslikdə çoxlu sayda struktur xətaları var. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır".
Qərarda "Həyat bilgisi" dərsliyindəki çatışmazlıqlar da öz əksini tapıb: ""Həyat bilgisi" dərsliyi rəsmi dövlət sənədlərinə – tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür". Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb. TQDK artıq dərsliklərə dair yekun rəyi bu gün Təhsil Nazirliyinə göndərib.