Diplomat: "İŞİD-dən xilas edilənlər arasında azərbaycanlı olduğu ehtimal edilən başqa uşaqlar da var"

2 Oktyabr 2017 15:17 (UTC+04:00)

“Bağdaddakı azərbaycanlı uşaqların ölkəmizə göndərilməsi üçün İraq hökumətinin qərarını gözləyirik”.
 
Movqe.az xəbər verir ki, bunu APA-ya Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda bu istiqamətdə əlaqədar qurumlarla işlər aparılır və siyasi qərar verilməlidir: “İŞİD-dən xilas edilən uşaqlar və valideynləri ilə bağlı rəsmi yazışmalarımızı davam etdiririk. İraq hökumətinin onların Azərbaycana göndərilməsi ilə bağlı müsbət qərarı olmalıdır. Burdakı qurumlar da bu işdə bizə köməklik göstərməyə çalışır”.
 
R. Qafarov deyib ki, Bağdadda tapılan uşaqların sırasında azərbaycanlı olduğu təxmin edilən digər kimsəsiz uşaqların da Azərbaycana qaytarılması üçün işlər görülür: “Tək Abdulla yox, azərbaycanlı olduğu güman edilən başqa kimsəsiz uşaqlar da var ki, onların da bizə təhvil verilməsi, Azərbaycana göndərilməsi üçün işlər aparırıq. Bununla bağlı İraq hökumətinə rəsmi müraciət etmişik. Uşaqların bəziləri körpədir, danışa bilmir. Sənədi olan və olmayanlar var. Buna görə bəzi çətinliklər yaranır. Elə uşaqlar var ki, valideynləri yanındadır və onlar düşərgələrdə yerləşdirilib. Valideynləri yanında olmayanlar isə kimsəsizlər sığınacağında saxlanılır. Onlar üçün hər cür şərait yaradılıb”. 
 
Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş 3 yaşlı Abdulla və onunla yanaşı digər azərbaycanlı uşaqlar Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Abdulla valideynlərinin öldüyünü bildirib. Həmin azyaşlının Azərbaycanda babası və digər qohumları olduğu müəyyənləşib.
 
Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. 
 
Azərbaycanın İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir.