"20-ci sahə"də uçqun prosesi yenidən aktivləşə bilər

4 Mart 2013 16:04 (UTC+04:00)
Bunu Movqe.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. Onun sözlərinə görə, "20-ci sahə"də uçqun əhəng daşı qırıntılarının aşınması nəticəsində baş verib.

"Bu, ciddi uçqundur. "20-ci sahə"də tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə təkliflər hazırlanaraq müvafiq qurumlara verilib", - nazirlik rəsmisi deyib.

Əmiraslanovun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106, 107, 111-ci km-lərində sürüşmə sahələrində, Ağsu aşırımı və Muğanlı-İsmayıllı yollarında sürüşmə sahələrində nisbi aktivləşmə müşahidə edilir.

ETSN nümayəndəsi bildirib ki, hazırda Abşeron yarımadasındakı sürüşmə sahələrində ciddi aktivlik yoxdur. Ancaq Abşeron yarımadası daxil olmaqla, bütün respublika ərazisindəki uçqun və sürüşmə prosesinə məruz qalmış yamaclarda atmosferin təsiri nəticəsində aktivləşmə hər an gözlənilir.