Yaqlandın qərəzli mövqeyi Avropa Şurasının özünə ciddi ziyan vurur

3 Oktyabr 2017 09:00 (UTC+04:00)

Bu gün Avropa Şurasının rəhbərliyi postunda yer alan bəzi şəxslər, məsələn, Torbyorn Yaqland Azərbaycana qarşı açıq qərəz sərgiləyir. Bununla da qarşılıqlı əməkdaşlığa ciddi zərbə vurulur, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri göstərilir. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, beynəlxalq təşkilatların missiyası üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir: “Bundan başqa, onların qanunvercilik bazasının təkmilləşməsinə yardım göstərməkdən ibarətdir. Üzv dövlətlər haqqında hər hansısa bir rəyin formalaşdırılması beynəlxalq təşkilatların funksiyasına aid olan məsələ deyil. Belə olduğu təqdirdə təşkilat öz missiyasından kənara çıxmış olur. 
Bu və ya digər ölkə beynəlxalq təşkilata üzv olduqda səlahiyyətlərini həmin təşkilata vermir və onu öz üzərində hakim seçmir. Bu baxımdan Avropa Şurasının hadisələrə tövsiyə xarakterli fikirlər bildirmək hüququ olsa da, bütün bunlar qərəzli və kampaniya xarakterli olmalı deyil”.
Politoloq əlavə etdi ki, indiki şəraitdə Azərbaycana qarşı həyata keçirilən qara piar kampaniyasının arxasında bir neçə məqam dayanır: “Birinci faktor Avropa siyasətçilərinin müəyyən hissəsinin erməni lobbisinin təsiri altında olmasıdır. Digər amil isə koperativ maraqlardır. Məhz korporativ maraqları yerinə yetirilmədiyi təqdirdə qərəzli fikirlər səsləndirilir. 
Digər amillər isə Azərbaycan hakimiyyətinin region dövlətləri ilə münasibətlərini sağlam saxlaması, hansısa qüvvənin oyunlarında iştirak etməməsi, müstəqil, xalqının marağını ifadə edən siyasət yürütməsidir. Bu faktor Azərbaycana qarşı köklənmiş qüvvələrin fəaliyyətə keçməsinə səbəb olur”.
Digər politoloq Elşən Manafov bildirdi ki, zaman-zaman Avropa Şurasında ayrı-ayrı qurum və təsisatların Azərbaycana olan münasibətlərində ikili standart özünü büruzə verib: “Təəssüf ki, Azərbaycanda bəzi şəxslərin hüquqlarının pozulduğunu bəyan edən Avropa rəsmiləri 1 milyondan artıq məcburi köçkün və qaçqının hüquqları barədə kəlmə də demir. Beynəlxalq təşkilatlar dünyanın geosiyasi reallıqlarına ikili standartlardan və özlərinin maraqları çərçivəsində yanaşırlar. 
Azərbaycanın müstəqil siyasət yeritməsi müəyyən təsisatların rəhbərlərinin Azərbaycana münasibətində qərəzlərin yaşanmasına səbəb olur. Avropa Birliyinin özü artıq müstəqil siyasət yürüdən təşkilat təəsüratı bağışlamır. Kataloniyada keçirilən referendumdan sonra Avropa Birliyinin gələcəyi sual altında qalır. Artıq Avropa Birliyinin Azərbaycana ehtiyacı var. Çünki Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində rol oynayan dövlətlərdən biridir. Zamanında Avropa Şurasına qəbul edilərkən Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri israrla yerinə yetirə bilib. Müəyyən problemlərin də həlli zaman tələb edir. Təəssüf ki, Avropa Birliyində müəyyən təsisatların erməni lobbisi ilə əlaqələri Azərbaycan dövlətinə münasibətinə də təsirsiz ötüşmür. 
Azərbaycanın müstəqil siyasəti və Avropa Birliyi ilə münasibətləri qarşılıqlı əməkdaşlıq səviyyəsində qurmaq istəyi AB-də bəzi ermənipərəst siyasilərin maraqlarına cavab vermir. Bu da Azərbaycanla münasibətlərə təsizsiz ötüşmür”.
Mübariz BAYRAMOV