Azərbaycan və Rusiya Xəzərdə vacib turizm layihəsinə start verir

3 Oktyabr 2017 12:38 (UTC+04:00)

Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirir ki, ölkəsi Azərbaycanla Xəzərdə birgə dəniz səyahəti layihəsi hazırlayır. Bu layihənin reallaşması tərəflərə, o cümlədən Azərbaycana, onun turizm sektorunun inkişafına nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Xəzər hövzəsində dəniz səyahəti layihəsinin gerçəkləşməsi Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ona müvafiq olaraq turizm gəlirlərinin də çoxalmasına səbəb olacaq: “Bildiyiniz kimi, dəniz səyahəti layihəsinin gerçəkləşməsilə bağlı Azərbaycan qonşu ölkələrlə danışıqlar aparıb. Azərbaycan dəniz səyahəti layihəsinin reallaşmasında maraqlı ölkədir. Bu, həm də fərqli turizm məhsullarının Azərbaycan tərəfindən anlamına gəlir. 
Dəniz səyahəti əksər ölkələrdə, xüsusən də dənizə və okeanlara çıxışı olan dövlətlərdə tətbiq edilən turizm növüdür. Adətən, turistlər dəniz səyahəti vasitəsilə fərqli ölkələrə səyahət etmək, dənuzdə bir həftəlik və yaxud daha uzunmüddətli turlar götürmək imkanına malik olurlar. Bu da daha çox turistin cəlb edilməsi baxımından vacibdir. Ona görə  Azərbaycan bu turizm növündən də faydalanmalıdır. Rusiya ilə dəniz səyahəti layihəsi anlaşmasının olması sözügedən turizm xidmətinin ölkəmizdə genişlənməsinə imkan verəcək. Nəticədə Azərbaycan daha çox turist cəlb etmək imkanı qazanacaq. Bu fonda turistlər həmçinin fərqli xidmətlərdən istifadə etmək imkanına malik olacaqlar. Turizm sahəsində bu kimi xidmətlərin göstərilməsində məqsəd də ondan ibarətdir ki, daha çox turistin ölkəyə cəlb edilməsinə nail olmaq mümkün olsun. Nəticədə turizmdən əldə edilən gəlirlərin həcmi də artacaq. Yəni, sözügedən xidmətdən yararlanmaq nəticə etibarı ilə ölkəyə gələn turistlərin sayının artması və bu fonda da həmin sahədən gələn gəlirlərin məbləğinin daha da yüksəlməsi demək olacaq. Azərbaycan təkcə Rusiya ilə deyil, dəniz səyahəti layihəsilə bağlı Qazaxıstan və Türkmənistanla da danışıqlar aparır. Bu fonda Rusiya ilə Qazaxıstan həmin xidmətin tətbiq edilməsi baxımından daha məqbul ölkələr hesab olunur. Çünki həmin iki ölkə İran və Türkmənistanla müqayisədə nisbətən asan viza rejiminə malikdir.  Ona görə düşünürəm ki, Rusiyanın ardınca bu istiqamətdə prosesi Qazaxıstanı da clb etmək mümkün olacaq. Türkmənistanın isə prosesə cəlb edilməsi zaman tələb edir. Çünki burada viza rejimi kifayət qədər ağırdır. Ona görə də ilkin mərhələdə Bakı, Astana və Moskvanın birg dəniz səyahəti layihəsini həyata keçirmələri daha realdır. 
Bütövlükdə Azərbahycanda turizm sektorunda canlanma var. Bu ilin birinci yarısında keçən ilin müvafiq dövrülə müqayisədə gələn turistlərin sayı 22 faiz artıb. Xəzərdə dəniz səyahəti layihəsinin həyata keçirilməsi turizm potensialımızdan daha çox istifadə olunması və ölkə turizminə əlavə olaraq 20 faizə yaxın gəlir gətirməsinə səbəb ola biləcək”. 
Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov da vurğuladı ki, yaxın gələcəkdə dəniz səyahəti layihəsi turizm sektoruna daha böyük uğurlar gətirəcək: “Dəniz səyahəti layihəsi məsələsi yeni deyil. Xəzər dənizində kurizlər məsələsi bir neçə ildir ki, gündəmdə olub. Lakin Xəzər dənizi ölkələrinin bəziləri bu məsələdə kifayət qədər təşəbbüskarlıq göstərmədiyindən məsələ bu günə qədər reallaşmayıb. Bu mənada Rusiya iqtisadi inkişaf nazirinin Xəzərdə Moskva ilə Bakı arasında dəniz səyahəti layihəsini hazırlamaları ilə bağlı açıqlaması bizi sevindirir. 
Bununla ilkin olaraq iki ölkə arasında sözügedən layihəyə start verilə bilər. Xəzər dənizi sahilləri də kifayət qədər turistik potensiala malikdir. Ona görə də Xəzər dənizinin turizm potensialından səmərəli istifadə etmək mənasında Rusiya tərəfindən gələn təklif təqdirəlayiqdir. Güman edirəm ki, yaxın gələcəkdə onun faydasını görəcəyik. Sözügedən istiqamətdə Xəzərdə turistlərin ayrı-ayrı limanlara, çimərlik zonalarına daşınması, Qızlağac qoruğunda quşların müşahidəsindən tutmuş, dalğıc komandalarının işinin təkmilləşdirilməsi və s. bir çox saylı işlər görülə bilər. Turist kuryer gəmiləri məsələsi də burada öndə gələni olmalıdır. 
Xəzərdə dəniz səyahətilə bağlı köklü ənənə yoxdur. Bu layihə yeni bir konsepsiya kimi ortaya qoyulub. Onun gerçəkləşməsi ən azından təkcə Azərbaycan üçün deyil, Xəzər dənizi ölkələrinin hamısının birgə layihəsi kimi faydalı ola bilər”
 

Rüfət NADİROĞLU