Alkoqolizmdən əziyyət çəkən qadınlar arasında ən kiçiyi 18 yaşındadır-Sərxoş qadınlarla bağlı şok açıqlama

3 Oktyabr 2017 16:17 (UTC+04:00)

İllər öncə spirtli içki qəbul edib sərxoş olan, davranışına nəzarəti itirən çox az sayda qadına rast gəlinərdi. Son vaxtlar isə spirtli içkiyə aludə olan qadınlara tez-tez rast gəlinir. Yol polisinin apardığı reydlər də, qadınlar arasında spirtli içkiyə meyil salanların sayının günü-gündən artdığını təsdiqləyir. İndiyədək sərxoş olub sükan arxasında əyləşən qadınların yol polisi əməkdaşları ilə mübahisə etməsini, öz davranışlarına nəzarəti itirməsini əks etdirən onlarla video görüntü lentə alınıb. Əvvəllər cəmiyyətdə “qadın əlinə qədəh almaz”, “qadın hara, spirtli içki hara” kimi kəskin fikirlər mövcud idi. Artıq zərif cinsin nümayəndələrinin sərxoşluq həddinə çatana qədər spirtli içki qəbul etməsi getdikcə adiləşir.

Bunu Respublika Narkoloji Mərkəzindən də təsdiqləyirlər. Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov Movqe.az-a açıqlamasında alkoqolizmdən əziyyət çəkən qadınların kişilərə nisbətən çox az hallarda həkimə müraciət etdiyini təsdiqləyir: "Alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə hazırda 21 909 xəstə qeydiyyatdadır. Onlardan 651 nəfəri isə qadınlardır. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində qeydiyyata 551 nəfər düşüb. Onlardan da 11 nəfəri qadınlar olub.  Həmsöhbətimiz bildirir ki, cəmiyyətdə alkolizmdən əziyyət çəkən qadınların Respublika Narkoloji Mərkəzinə müraciət etməsi ilə bağlı streotiplər mövcuddur: “Çox təəssüf ki, spirtli içki aludəçisi olan qadınların çoxu bu bəladan xilas olmaq istəsələr də, həkimə müraciət etməyə utanır, çəkinirlər. Biz bilirik ki, real statistika qadınlarla bağlı daha böyükdür. Bu da onların bu xəstəliyi gizlətməsi ilə bağlıdır. Kişilər qadınlara nisbətən alkoqolizmdən xilas olmaq üçün daha çox müraciət edir”. 
P. Məmmədov deyir ki, hazırda spirtli içki aludəçisi kimi Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan qadınların çoxu 30-50 yaş arasında olanlardır. P. Məmmədov onların çoxunun daha tünd spirtli içki qəbul etdiyini söyləyir: “Düzdür, pivə və bu kimi yüngül spirt tərkibli içkilər də getdikcə asılılıq yaradır. Bu gün davamlı pivə içənlər getdikcə daha tünd spirtli içki qəbul edirlər. Amma hazırda Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan qadınların çoxu araq içməyə aludə olanlardır”.
Şöbə müdirinin sözlərinə görə, alkoqolizmdən zəiyyət çəkən qadınların mütləq əksəriyyəti uğursuz ailə həyatı olan qadınlardır: “Soruşduqda onların hamısı unutmaq üçün spirtli içki qəbul etdiklərini söyləyirlər. Onu qeyd edim ki, qadınların alkoqolizdən qurtulmağı kişilərlə müqayisədə daha çətindir. Qadınlar unutmaq üçün içki qəbul edir, sərxoşluğa meyillidirlər. Əsasən mental dəyərlərimizə uyğun həyat tərzi sürməyən qadınlar daha çox spirtli içki düşkünü olur. Onların çoxu xaraktercə zəif, ailə həyatında uğursuzluğa düçar olan qadınlardır. Onların arasında heç sözsüz ki, yüngül həyat tərzinə meyilli olanlar, bu həyatı yaşayanlar da var. Unutmaq lazım deyil ki, qadınlar spirtli içkiyə əsasən bu həyata meyilləndikdən sonra düçar olurlar. Qadınların sərxoş olması, onların spirtli içki aludəçisinə çevrilməsi öz cinsi partnyorlarına da sərf edir. Əksər hallarda qadınlar kafe, bar tipli iaşə obyektlərə gedərək spirtli içki aludəçisinə çevrilirlər. Ona görə də, alkoqolizmdən müalicə üçün mütləq həmin xəstənin yaşam tərzi dəyişməlidir. Yaşayış mühiti müalicə prosesində mühüm rol oynayır. Çünki, alkoqolizmin yaranması həyat tərzi ilə bağlı olan xəstəlikdir. Sosial mühit olduğu kimi qalırsa, uzun müddət remissiya almaq mümkün olmur. Bir müddətdən sonra xəstə yenə həmin mühitdə spirtli içki aludəçisinə çevrilir. Ona görə də, xəstənin alkoqolizmin caynağından xilas edilməsi üçün həyat tərzini dəyişməsi şərtdir. Bunlar olduğu kimi qalırsa, remissiyanın uzunmüddətli olmasından söhbət gedə bilməz”.
P. Məmmədov alkoqolizmin qadınlarda daha böyük fəsadlara səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, spirt hüceyrə səviyyəsində orqanuzmə mənfi təsir göstərir: “Tünd spirtli içkilərin uzun müddət qəbulu sinir sisteminə mənfi təsir göstərir. Qadınlar həm də ana olduqlarından, bu doğulacaq uşağın sağlamlığında da iz qoyur: “ Spirtli içki qəbul edən qadınların dünyaya gətirdikləri uşaq fiziki baxımdan sağlam olsa da, əqli baxımdan zəifiklər olur”.
Şöbə müdiri ən böyük narahatçılıq yaradacaq məqamlardan birinin də qadınların spirtli içkilərə gənc, hətta yetkinlik yaşına çatmamış  yaşlarda aludə olmasında görür. Onun sözlərinə görə, hazırda Respublika Narkoloji Mərkəzində 18 yaşında alkoqolizmdən əziyyət çəkən qadın var: “İndi siz təsəvvür edin ki, bu qadın hansı yaşda spirtli içki qəbul etməyə başlayıb. Belə aydın olur ki, qızlar bəzən çox erkən yaşda 14-15 yaşdan spirtli içki qəbul etməyə başlayırlar. Hansıki, o dövr orqanizmin inkişaf etməkdə olan dövrüdür. Çox təəssüf ki, əyləncə mərkəzlərinə üz tutan qızlar erkən yaşdan tünd spirtli içkilərdən istifadə edirlər. Həmin qızlar 18 yaşa çatdıqda artıq alkoqolizm xəstəliyindən əziyyət çəkirlər”.
P. Məmmədov deyir ki, əgər həyat tərzlərini dəyişərlərsə, alkoqolizmdən əziyyət çəkən xəstələrdə spirtli içkiyə olan asılılığı 2-3 həftəyə aradan qaldırmaq mümkündür. Reablitasiya isə uzun müddət çəkir: “Bu xəstəlikdə də tam müalicə yoxdur. Remissiya müddəti var. Yaşam tərzlərini dəyişən, normal həyata dönən insanları alkoqolizmdən xilas etmək mümkündür. Amma onlar gərək keçmiş həyat tərzlərinə geri dönməsinlər. Döndükdə eyni vəziyyət yenidən təkrarlanır”.
Şöbə müdiri qadınlarda da sərxoş halda ətrafa ziyan vermə hallarının müşahidə edildiyini söyləyir: “ Bu günlərdə Respublika Narkoloji Mərkəzinə müalicə üçün gələn qadın xəstələrdən biri yüksək səslə qışqırır, ətrafa narahatçılıq yaradırdı. Bəzən elə hesab edirlər ki, qadınlar sərxoş olduqda susqun davranırlar. Əksinə, qadınlar belə halda çılğınlıq nümayiş etdirir, yüksək səs-küylə, normal olmayan davranışla ikrah hissi doğururlar”.
P. Məmmədov qadınların bəzən Respublika Narkoloji Mərkəzinə müalicə üçün öz həyat yoldaşları ilə, bəzi hallarda isə anaları və rəfiqələri ilə gəldiklərini söyləyir.  Onun sözlərinə görə, əksər hallarda isə alkoqolizmdən əziyyət çəkən qadınlar Respublika Narkoloji Mərkəzinə könüllü müraciət edirlər. P. Məmmədov alkoqolizmə düçar olan qadınların müalicəsinin yaşlandıqca çətin olduğunu söyləyir. Odur ki, P. Məmmədov alkoqolizmə düçar olanların müalicə üçün vaxtında müraciət etməsinin daha faydalı olduğunu bildirir. 

Zülfiyyə QULUYEVA