"Ermənistanın manipulyasiya etməsi yolverilməzdir"

3 Oktyabr 2017 16:37 (UTC+04:00)

Andorrada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir.

Movqe.az APA-ya istinadən xəbər verir ki, sessiyanın əsas mövzusu "ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər"dir.
 
Bu gün sessiyada Aralıq Dənizi Forumu çərçivəsində müzakirələr başlayıb. Forumda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələlər müzakirə olunub. Forumda çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistanda Dağlıq Qarabağ münaqişəsi səbəbindən 100 mindən çox qaçqın olduğunu bildirib, habelə Ermənistanın Suriyadan 20 mindən çox erməni qaçqını qəbul etdiyini deyərək bu məsələdə ölkəsinə dəstək verilməsini istəyib.
 
Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini deputat Tahir Mirkişili isə çıxışı zamanı ATƏT regionunda hazırda ən ciddi problemlərin qaçqınlar və münaqişələr olduğunu söyləyərək bildirib ki, ölkələr bu problemlərin həlli üçün məsuliyyətli və səmimi olmalıdır: "Əgər Ermənistan hökuməti 30 il öncə məsuliyyətli olsaydı və Azərbaycanın ərazisini işğal etməsəydi, bu gün Azərbaycandakı 1 milyon qaçqından və Ermənistandakı 100 min qaçqından danışmazdıq". 
 
T. Mirkişili həmçinin qaçqınlarla və onların taleyi ilə manipulyasiya edilməsinin yolverilməz olduğunu qeyd edib: "Ermənistan nümayəndə heyətinin rəhbəri Suriyadan Ermənistana köçürülmüş 20 min qaçqından danışdı. Ancaq o demədi ki, niyə Suriyadan gələn qaçqınları Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində yerləşdirib? Onların gələcək taleyi ilə sizin manipulyasiya etməyiniz yolverilməzdir".
 
T. Mirkişili bildirib ki, problemlərin həlli üçün ilk növbədə səbəbləri aradan qaldırmaq lazımdır. "Əgər biz problemlərin həllini istəyiriksə, onda ölkələr bir-birinə qarşı işğala son qoymalı, bir-birinin ərazi bütövlüyünə hörmət etməlidir".