Qarabağ münaqişəsində vasitəçilik BMT-yə həvalə edilir?!

6 Oktyabr 2017 09:07 (UTC+04:00)

Rusiyalı siyasi ekspert Aleksey Fenenko bildirir ki, hamımız 25 ildə ATƏT-in Minsk Qrupunun vasitəçi kimi heç bir nəticə əldə etmədiyinə əmin oluruq: “Qarabağın həlli məsələsində BMT-nin himayəsi altında artıq yeni danışıqlar formatı yaratmağa cəhd edə bilərik. İkinci variant Minsk Qrupunu ATƏT formatından BMT formatına keçirmək ola bilər. Bununla da ona daha əhəmiyyətli status vermiş olarıq”. 

Xatırladaq ki, münaqişə başlanan ilk dövrlərdə onun həllilə elə BMT məşğul idi. Hətta Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən çıxması ilə bağlı BMT tərəfindən  məlum 4 qətnamə də qəbul edilib. Lakin sonradan tərəflərin də razılığı ilə konfliktin həlli ATƏT-in Minsk qrupuna həvalə edildi. Hansı ki, burada da başlıca rolu 3 həmsədr ölkə, ABŞ, Fransa və Rusiya oynayır. Lakin ötən illər göstərdi ki, ATƏT və onun Minsk qrupu münaqişənin həlli istiqamətində zərrə qədər də olsa irəliləyişə nail olmayıb. Bu fonda xarici və Azərbaycandan olan ekspertlər tərəfindən dəfələrlə fikirlər səslənib ki, ATƏT-in Minsk qrupunun formatı dəyişdirilsin, ora yeni üzvlər qəbul edilsin. Hətta yuxarıda qeyd edildiyi kimi, münaqişənin həllinin yenidən BMT yuridiksiyasına qaytarılması vacibliyi də dəfələrlə gündəmə gəlib. Amma hələlik bu istiqamətlərdə səslənən fikirlər sözdən əmələ keçməyib. Konfliktin həllilə ATƏT-in Minsk qrupu məşğul olmaqda davam edir. Bununla belə formatın dəyişdirilməsi vacibliyi məsələsi yenə də gündəmdədir.   
Politoloq Natiq Mirinin fikrincə, Qarabağ münaqişəsinin həlli məsələsinin ATƏT-dən alınıb  BMT-nin yurisdiksiyasına verilməsi, yəni Minsk qrupunun fəaliyyətinin məhz BMT çərçivəsində yürüdülməsi mümkündür: “Təbii ki, bununla bağlı gərək tərəflərin də razılığı olsun. Ayrıca onu da diqqətdən qaçırmayaq ki, ATƏT-in Minsk qrupunun bilavasitə mandatı məhz BMT-dən alınaraq ona verilib. Bu baxımdan BMT-nin borcudur ki, zaman-zaman ATƏT-in Minsk qrupundan müəyyən hesabatlar dinləsin və bu yöndə fəaliyyət proqramı ortaya qoysun. Ən azından ATƏT-in Minsk qrupunun bu istiqamətdə 25 illik fəaliyyətsizliyini dəyərləndirsin. Hansı ki, bunu görmürük. 
Əslində, problem təkcə ATƏT-lə bağlı deyil. Problem həm də Birləşmiş Millətlər Təşkilatının özündədir. Bu gün BMT iflic vəziyyətdədir. Qlobal səviyyədə əhəmiyyətli olan istənilən qərarları hazırda BMT səviyyəsində qəbul etmək mümkün olmur. Ona görə ki, bütün dünyanı 5 böyük dövlətin siyasi iradəsindən asılı vəziyyətə salıblar. Regionlardakı münaqişələri həll etmək üçün BMT-nin 5 daimi üzvü toplaşanda öz maraqlarından çıxış edərək veto qoymaqla tamamilə qərarın qəbul edilməsinin qarşısını alırlar. Bu faktın özü də göstərir ki, həqiqətən də BMT iflic vəziyyətindədir və burada ciddi mənada islahatların aparılmasına ehtiyac vardır. 
Bütün hallarda ATƏT dişsiz təşkilatdır. Onun nə əvvəl təzyiq mexanizmləri olub, nə də bu gün var. ATƏT-də bütün qərarlar konsensus vasitəsilə qəbul olunur. Hətta istənilən qərarın qəbulunu Ermənistan istəməzsə, onun qəbulu mümkün olmur. Ona görə də ATƏT çərçivəsində problemin həlli çox çətindir. Doğrudur, ATƏT-in Minsk qrupunun ilk gündən yanaşma tərzi beynəlxalq hüququn tələb etdiyi səviyyədə olsaydı, beynəlxalq hüququn normaları bizim münaqişəyə də digər müharibə ocaqları kimi tətbiq olunsaydı, təbii ki, bu gün Qarabağ məsələsini müzakirə etməzdik. Ancaq məsələ ondadır ki, Dağlıq Qarabağ probleminə digər münaqişələrdən tamamilə fərqli rakursda yanaşırlar və bu da konfliktin həllinə imkan vermir. Çünki ortada işğal, işğalçılıq faktoru var. Beynəlxalq hüquqa və BMT-nin qəbul etdiyi qətnaməyə görə dərhal işğalçı ordunun işğal etdiyi ərazilərədn çıxması üçün konkret proqram, mexanizmlər hazırlanmalıdır. 
Ötən 25 ildə BMT-nin məlum qətnamələrinə rəğmən, onun icra mexanizmləri niyə yaradılmayıb? Deməli, burada böyük dünya güclərinin konkret geosiyasi maraqları var və bu maraqlar da təbii ki, Ermənistandan yanadır. Burada həmçinin xristian havadarlığı var. Ona görə də münaqişəyə yanaşma tərzi prinsipial olaraq dəyişməyincə, Minsk qrupu ATƏT-dən alınıb BMT formatına verilsə belə, heç nə dəyişməyəcək. Çünki həssas bir məqamda qərar qəbul olunan zaman dərhal havadar dövlətlər yenə də qərarların keçməsinə imkan verməyəcəklər. Bu da ondan irəli gəlir ki, Dağlıq Qarabağ münaqişəsi regional müstəvidən beynəlxalq səviyyəyə gəlib çatıb. Belə olan halda mütləq mənada qlobal güclərin uzlaşmasına ehtiyac var”.

Rüfət NADİROĞLU