Avropa Şurasında ikili standartlar qurum üçün ciddi təhdidə çevrilir

6 Oktyabr 2017 09:36 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə ölkəmizlə Avropa Şurası arasında olan münasibətlərə də xüsusi diqqət ayırdı: “Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.

İndi maraqlıdır ki, qərəzə, əsassız hücumlara son qoyulmasa, Azərbaycanın bu qurumdan çıxması Avropa Şurası üçün nə deməkdir, bu addım onun imicinin ziyanına işləməyəcəkmi?
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla bağlı mövqeyini həmişə açıq şəkildə bəyan edib və edir: “Bu mövqe beynəlxalq hüquqa, artıq oturuşmuş diplomatik normalara, eyni zamanda təcrübəyə əsaslanır. Avropa Şurasına Azərbaycan 2001-ci ildən üzv qəbul ediləndən təşkilatla çox konstruktiv əməkdaşlıq formulu qurulub. Heç zaman hər hansı bir problem yaşanmayıb. Ancaq  son dövrdə Avropa Şurasının bəzi rəhbərlərinin Azərbaycana qarşı aqressiv siyasəti əlbəttə ki, ölkəmizi narahat etməyə bilməzdi. Həmin şəxslərin Azərbaycanın Avropa Şurasına üzvlüyülə bağlı fikirlər bildirməsi şübhəsiz ki, ölkəmizdə əks reaksiya verdi. 
Qeyd edim ki, bu məsələyə hətta parlamentin iclasında da toxunuldu. Azərbaycan ictimaiyyəti bu antiazərbaycan kampaniyasına son qoyulmasını tələb edir. Bu gün AŞ rəhbərliyi təşkilatla Azərbaycan arasında körpünü yandırmağa cəhd edir ki, onun da  məsuliyyəti onların üzərinə düşəcək. Cənab Prezidentimiz də xarici nümayəndələrlə görüşündə bu məsələyə toxundu və bildirdi ki, AŞ-dan çıxmaqla bağlı hər hansı bir rəsmi şəxsin bəyanatı olmayıb. Amma Azərbaycan təşkilatdan çıxmaqla nə itirəcək, nə də qazanacaq. Bunu heç kəs hiss etməyəcək. Biz öz yolumuzda davam edəcəyik. Bu da demokratiya, insan haqlarının qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi yoludur. 
Həmin mövqeyimiz Avropa Şurasının rəhbərliyi tərəfindən nəzərə alınmalıdır. Azərbaycan onunla münasibətlərdə maraqlıdır. Ancaq təşkilatın Azərbaycanla bağlı aqressiyasına əlbəttə ki, müvafiq cavab veriləcək. Sözügedən görüş hesab edirəm ki, həm Avropa Şurası, həm də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsinə Azərbaycanın müsbət yanaşdığını göstərdi. Şübhəsiz ki, ölkəmizin bu qurumdan çıxması Avropa Şurasının özünün imicinə mənfi təsir göstərəcək. Avropa Şurası Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan istifadə edir. Azərbaycan Avropa Şurasının təsirinin daha böyük ərazidə yayılmasında maraqlıdır. Azərbaycan nümunəsi müstəqilliyini və beynəlxalq təcrübəni birləşdirməklə güclü dövlət qurmağın mümkünlüyünü göstərdi. Avropa Şurası bu məsələləri qiymətləndirmirsə, bu, artıq onun itkisidir. Azərbaycanın buna aidiyyatı yoxdur”.

R. SULTANOV