Azərbaycanın dünya üçün geosiyasi əhəmiyyəti artır

7 Oktyabr 2017 11:00 (UTC+04:00)

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib ki, «Şərq-Qərb» Nəqliyyat Dəhlizi çox tezliklə fəaliyyət göstərəcək: «Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir və Azərbaycan buraya da sərmayə yatırıb». 

Həmin yolların işə düşməsi fonunda gözləmək olarmı ki, Azərbaycanın dünya üçün geosiyasi və geoiqtisadi  əhəmiyyəti daha da artsın? Belə vəziyyət ölkəmizə hansı üstünlüklər vəd edir?
Politoloq Elşən Manafovun fikrincə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin işə düşməsilə Azərbaycanın beynəlxalq aləmdə strateji əhəmiyyəti daha da artacaq. Bu fonda da ölkəmizin dünya miqyasında nüfuzu daha geniş müstəvidə yayılacaq : “Azərbaycan tarixən Böyük İpək yolunun üzərində yerləşən ölkələrdən biri olub. Azərbaycana dünyanın zaman-zaman göstərdiyi maraq da əslində, ölkəmizin geostrateji mövqeyi və malik olduğumuz zəngin təbii resurslarla bağlıdır. XX əsrin əvvəlindən neftin dünya miqyasında geniş istifadə olunması Azərbaycana marağın birə beş artmasına səbəb oldu. 
Etiraf edək ki, hər iki dünya müharibəsi zamanı Azərbaycan qarşı-qarşıya duran dövlətlərin planlarında mühüm əhəmiyyət kəsb edən dövlət kimi diqqəti cəlb edib. Bu baxımdan mahiyyət etibarı ilə nəqliyyat dəhlizlərini birləşdirən və Azərbaycanın tranzit yolu olaraq imkanlarını artıran yeni nəqliyyat dəhlizlərinin açılması, bununla bağlı beynəlxalq standartlara cavab verən infrastruktur şəbəkəsinin meydana gəlməsi təbii ki, ölkəmizə dünyanın marağının hədsiz dərəcədə artmasına səbəb olub. 
Azərbahycan hazırda Qərbdən Şərqə, Şimaldan Cənuba gedən nəqliyyat yolları və komunikasiya xətlərinin üzərində yerləşir. Zaman-zaman ABŞ-ın Sovet İttifaqının müəyyən bölgələrini təsir dairəsinə salmaq və burada nüfuz sahibi olmaq uğrunda mübarizəsinə həsr edilən məlum və məşhur kitabların özündə belə Azərbaycanın Vaşinqton üçün ciddi əhəmiyyət kəsb etdiyi məsələsinə bir qayda olaraq xüsusi diqqət yetirilib. Məsələn, ABŞ-ın ən böyük politoloqlarından olan Zbiqnev Bjezinskinin müəllifi olduğu kitablarda Azərbaycan və Xəzər hövzəsi Vaşinqton üçün Mərkəzi Asiyaya yiyələnmək və Cənubi Qafqazda nüfuz dairəsi uğrunda mübarizədə Moskvanı sıxışdırmaq üçün  strateji və həlledici əhəmiyyət kəsb edən bölgə kimi göstərilib. Yəni, etiraf etmək lazımdır ki, dünyanına aparıcı siyasətçi və politoloqların müəlifi olduğu kitablarda da Azərbaycana olan maraq öz əksini tapıb. Bu günün özündə də bu belədir. Belə vəziyyət heç şübhəsiz, Azərbaycanın istər cənub, istər şimal dövlətləri, istərsə də region dövlətləri, ölkəmizə investisiya yatıran və yatırmaq fikri olan transmilli şirkətlər və onların təmsil olunduğu dövlətlərlə münasibətlərinə  təsirsiz ötüşməyəcək. Ciddi fundamental dəyişikliklərin baş vermə ehtimalı böyükdür. Etiraf edək ki, bu dəyişikliklər kifayət qədər impulsiv və dinamik xarakter də kəsb edə bilər. Azərbaycanı bu gün dövlətçilik maraqları baxımından ən çox düşündürən əlbəttə ki, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsidir. Məlum dövlət və şirkətlər Azərbaycana investisiya yatırırsa, ölkəmizin iştirakçısı olduğu kəmərlər bizim ərazidən keçirsə, bu baxımdan ən azı Bakının da iştirak edə biləcəyi böyük hərbi əməliyyatların baş verməsi  bölgəmizdə istisna olunmalıdır. Çünki hərbi əməliyyatlar məlum kəmərlərin təhlükəsizliyi və rentabelliyini şübhə altına qoya bilər. Məhz ATƏT-in Minsk qrupundakı həmsədr dövlətlərin münaqişəni ancaq sülh yolu ilə həll etmək istəyi də onların ölkəmizə olan sevgisindən irəli gəlmir. Onlar sadəcə bölgəmizə yatırılan investisya və kapitalın təhlükəsizliyində, sabitliyin daimi olmasında maraqlıdırlar.  Ona görə də Azərbaycanla münasibətlərə ciddi önəm verirlər. Düşünürəm ki, belə vəziyyət ən azından Avropa Birliyilə mövcud olan müəyyən problemlərin də yaxın zamanlarda aradan qaldırılmasına öz töhfəsini verəcək. 
Azərbaycanın Ermənistan istisna olmaqla digər region dövlətlərilə münasibətlərində milli təhlükəsizliyimizə təhdid yaradan hansısa problemlər yaşanmır. Ermənistanla olan problem isə məlumdur. Dünya birliyi də bu problemin mahiyyətini bilir. Nə Rusiya, nə İran, nə də qardaş Türkiyə ilə münasibətlərdə problem yoxdur.  Hətta Uşaq Şərq ölkələri, Cənubi Koreya, Yaponiya və Çin də Azərbaycanla münasibətlərə həmişə böyük önəm verəcək. Bu da həmin dövlətlərin məlum bölgə ilə geostrateji yolların Azərbaycandan keçməsilə bağlıdır. Ona görə dö sözügedən kəmərin realizə edilməsi, həmin yolların tam mənada işə düşməsi heç şübhəsiz, Azərbaycanın investisiya imkanlarının artmasına, ölkəmizə yatırılacaq kapitalın yaxın perspektivdə neft sənayesilə yanaşı, qeyri-neft sektorunun inkişafına da təkan verəcəkdir. Ölkəmizin bank sektorunun sağlamlaşdırılması üçün maliyyə əldə edəcəyik ki, bütün bunlar dövlətimizin güclənməsinə, deməli, beynəlxalq birlikdə  ölkəmizin nüfuzunun daha da artmasına səbəb olacaq. Bütün bunlar da paralel olaraq ərazi bütövlüyü ilə bağlı problemimizin yaxın perspektivdə Azərbaycanın xeyrinə həll olunmasına böyük ümidlər yaradır”. 
Rüfət NADİROĞLU