Mətbuat Şurasından mitinqdə monitorinq: Nəticə

7 Oktyabr 2017 19:39 (UTC+04:00)

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 7-də Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda təşkil etdiyi icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyətini araşdırıb. Aksiyada hər hansı insident qeydə alınmayıb.

Mətbuat Şurasından Movqe.a-a bildiriblər ki, kütləvi informasiya vasitələrinin nümayəndələri öz işlərini sərbəst şəkildə icra ediblər. Jurnalistlərin fəaliyyətinə hər hansı məhdudiyyət faktına rast gəlinməyib, bununla əlaqədar media təmsilçiləri tərəfindən monitorinq qrupunun üzvlərinə müraciət olmayıb.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin üzərində PRESS yazılmış xüsusi gödəkçələrdən istifadə etmələrinə də diqqət yetirilib. Media təmsilçilərinin heç də hamısının bu zəruri tələbi yerinə yetirmədiyi nəzərdən qaçmayıb.

Mətbuat Şurası ekstremal vəziyyətlərdə, o cümlədən ekstremal vəziyyət riski olan proseslərdə fəaliyyət göstərən jurnalistləri üzərində PRESS yazılmış xüsusi gödəkçələrdən istifadəyə ciddi önəm verməyə çağırır. Şura bildirir ki, bu, onların hüquqlarının qorunması baxımından vacibdir.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı Daxili İşlər Nazirliyinin təmsilçiləri də daxildir.