ADAU rektoruna birinci yerin diplomu təqdim olundu

9 Oktyabr 2017 15:35 (UTC+04:00)

Məktəbgushesi.az internet portalı təhsil spektrini əhatə edən ənənəvi virtiual sorğularını davam etdirir. “Təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı növbəti sorğu avqust-sentyabr aylarında reallaşdırılıb. İnternet portalından verilən məlumata əsasən, ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsini hədəfləyən və iki ay davam edən sorğu respublikamızda fəaliyyət göstərən 31 universitet arasında keçirilib. Ümumilikdə sorğuda 17.948 respondent iştirak edib .

Budəfəki sorgu universitetlərə tələbə qəbulu dövrünə təsadüf etdiyindən valideynlərlə bərabər, abuturiyentlərin də diqqətini cəkib. Məhz belə qaynar dövrdə keçirildiyindən ötən sorğudan fərqli olaraq, istirakçı sayı da çoxluq təşkil edib. İştirak edənlərin çoxu respubilikada tanınan 5 aparıcı universitet arasında qiymətləndirmə aparıblar. Bunlar ilk beşlikdə yer alan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) olmuşdur. Beləliklə, keçirilən sorğuda 4288 səslə ADAU birinci yerə layiq görülmüşdür.
Əldə olunan qələbə münasibətilə ADAU-da keçirilən tədbirdə iştirak edən Məktəbgushesi.az internet portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, tanınmış təhsil ekspertləri Əjdər Ağayev və Nadir İsrafilov,  media eksperti Nəzirməmməd Zöhrablı  çıxış edərək universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovu təbrik ediblər. Qeyd olunub ki, son illərdə ADAU-da həyata keçirilən islahatlar tələbələr, məzunlar və onların valideynləri, bütövlükdə cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki,  artıq  2-ci dəfədir ki, Məktəbgushesi.az internet portalında keçirilən sorğuda ADAU ölkədə fəaliyyət göstərən ali məktəblər arasında birinci yerə layiq görülüb.
Sorğunun təşkilinə, əldə olunan qələbə münasibətilə keçirilən tədbirə qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirən universitetin rektoru İbrahim Cəfərov bu kimi sorğuların əhəmiyyətindən danışıb, keçirilmiş sorğuda ADAU-ya dəstək olan respondentlərə minnətdarlığını bildirib.
Tədbirdən sonra qonaqlar universitetin maddi-texniki bazası, o cümlədən baytarlıq klinikası, süni mayalanma tədris mərkəzi, quşçuluq tədris mərkəzi, maldarlıq tədbris mərkəzi,  atçılıq tədris mərkəzi, balıqçılıq laboratoriyası, John Deere təlim mərkəzi, əsaslı kitabxana, istixanalar, tələbə evləri, tələbə parkı və digər təsisatlarla yaxından tanış olublar. Ekspertlər qeyd ediblər ki, universitetdə aparılan modernləşdirmə və rəqabət qabiliyyətli kadr potensialının hazırlanması məqsədilə görülən işlərlə əyani tanışlıq keçirilən sorğunun nəticələrinin tam real olduğunu  göstərir.

ƏLİHÜSEYN ŞÜKÜROV