“Azərsun"nun duru yağları dünyada rəqabətədavamlı məhsullar sırasındadır

11 Oktyabr 2017 13:46 (UTC+04:00)

Yağın qiyməti, keyfiyyəti son günlərin ən çox müzakirə edilən mövzulardandır. İllər öncə istehlakçılar ən çox xarici ölkə istehsalı olan yağlara üstünlük verirdilərsə, artıq son bir neçə ildir ki, ölkədə istehsal edilən yağlara müştərilər tərəfindən inam daha da artıb. Amma bununla belə hələ də, yağ bazarında saxtalaşdırma faktlarının olduğu, xaricdən bazara keyfiyyətsiz duru yağların çıxdığı barədə faklar var. Elə bu səfərimiz də təsadüfi xarakter daşımırdı. Ölkədə yağ istehsalının hansı texnoloji yeniliklərdən istifadə edilməklə istehsal edildiyinin canlı şahidi olmaq fürsəti yaradıldığı xəbərini eşidəndə biz də bu səfərin iştirakçılarından biri olmaq arzusuna düşdük.   “Azərsun Holdinq”in   media mənsubları üçün Yağ Fabrikinə təşkil etdiyi səfərə ölkənin aparıcı media orqanlarının nümayəndələri qatılmışdı. Yağ istehsalı ilə bağlı sual çox, istehsal prosesini canlı izləməyə maraq böyük idi. Öncə  “Azərsun Sənaye Parkı”nda yerləşən Yağ Fabrikində qonaq olan jurnalistlərə “Azərsun Sənaye Parkı” barədə məlumat verildi.  Burada Yağ fabrikindən başqa həmçinin Kağızın Təkrar Emalı müəssisəsinin də yerləşdiyi bildirildi. Daha sonra KİV nümayəndələrini qarşılayan Bakı Qida və Yağ fabrikinin müdiri Şahəddin İbrahimov illik istehsal həcmi 270 min ton olan müəssisə barədə qısa məlumat verdi. 


Yağ istehsalında “alman dəqiqliyi” istehsal müddəti dəqiqəsinədək əks olunur...

Jurnalistlər Fabrikin bitki yağların istehsal edildiyi sahədə istehsal prosesini canlı izlədilər. Əvvəlcə qarğıdalı yağının istehsalını müşahidə edən media mənsublarına müəssisənin ən  müasir avadanlıqlarla təchiz edildiyi bildirildi. Bundan sonra jurnalistlərə zeytun yağlarının istehsal prosesi nümayiş etdirildi. Burada məlumat verildi ki, istehsal xəttində olan “Zeytun bağları” markası tam olaraq Abşeron rayonu ərazisindən toplanan yerli zeytundan hazırlanır.  Duru yağ istehsalında diqqət çəkən məqamlardan biri yağların qablaşdırılmasının insan əli dəymədən, aparılması oldu. Duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov bildirdi ki, qablaşdırmada istifadə edilən plastik qablar müvafiq temperaturda qızdırılaraq öz formasını alır. Daha sonra isə bu qablar sterilizasiya prosesindən keçir: “İçərisinə duru yağ yığıldığından, qablar su ilə yuyulmur. Müvafiq temperaturda sterilizasiya edildikdən sonra çənlərdən borularla duru yağ qablara doldurulur. Qeyd edim ki, yağ istehsalında ən müasir texnoloji avadanlıqlardan istifadə edilir. Yağların saxlanıldığı çənlər, borular isə heç vaxt paslanmayan materialdandır”.
Duru yağ istehsalında diqqətimizi cəlb edən digər məqam isə, yağların üzərində istehsal vaxtının dəqiqəsinə qədər əks olunmasıdır. Hüseyn Qocamanov yarı zarafat,yarı gerçək vaxt məsələsinin onlar üçün çox vaxib olduğunu söyləyir: “Duru yağların üzərində paketləmə zamanı istehsal müddətinin dəqiqəsinin belə qeyd edilməsi bizim üçün çox vacib məsələdir. Yağın tərkibi ilə şikayət gələndə bu bizə yağın istehsal prosesinə geri dönüş etməyə, həmin vaxt iş başında hansı məsul şəxslərin olmasına qədər araşdırma aparmaq imkanı verir.Biz hansı partiya məhsulda problem olduğunu belə dəqiqləşdirə bilirik. Loru dildə desək, şikayət gələn kimi həmin məhsulun üzərindəki tarixə, vaxta, saata diqqət yetiririk. Dərhal arxivə nəzər salıb həmin saatda iş başında kimlərin olmasını araşdırırıq. Həmin şikayətə görə də, məhz həmin şəxslərin yaxasından yapışırıq”. 

Mağazalar saxlanma şəraitinə əməl edərsə, şikayət də az olar...

Bitki yağları ilə bağlı jurnalistlərin suallarını cavablandıran Duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov daxil olan şikayətlərlə bağlı suala cavab verərkən ən çox rastlaşılan problemin bəzi mağazalarda duru yağların saxlanma şəraitinin tələblərə cavab vermədiyini bildirib. O, bu məsələyə evlərdə istehlakçılar tərəfindən də ciddi riayət olunmadığını söyləyib. Qeyd edib ki, duru bitki yağları tələb olunan şəraitdə saxlanılmadıqda keyfiyyətini itirir.

Zeytun Bağları “Extra virgin” –zeytun sıxılaraq birbaşa qablara doldurulur...

 Zeytun yağlarının istehsalına toxunan mütəxəssis, Zeytun Bağları “Extra virgin” markası ilə satışa çıxarılan zeytun yağının keyfiyyətindən də söz açdı. Bildirdi ki, üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür. Üzərinə “Extra virgin” yazılan zeytun yağı “Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür. Üzərinə “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır,  ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür. Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir. Çünki, Zeytun Bağları “Extra virgin” markasında zeytun birinci sıxımdan əldə edilir. Tərkibi daha çox antioksidantlarla zəngindir”. 

Ölkəmizdə kərə yağı istehsalına mane olan amillər...

Bitki yağlarının istehsal prosesi ilə tanışlıq bitdikdən sonra jurnalistlər kərə və spred yağlarının istehsal edildiyi sahəyə də baş çəkdilər. Burada jurnalistlərə məlumat verildi ki, kərə yağlar Yeni Zellandiyadan idxal edilərək zavodda müvafiq çəkilərə bölünərək paketlənir. Burada olduğumuz zaman paketləmədə kiçik nöqsana görə, məhsulun yenidən paketləməyə verildiyinin də şahidi olduq. Mətbuat nümayəndələrinə məlumat verildi ki,  “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil edir. Jurnalistlərin kərə yağının xammal tələbatını daxili istehsal hesabına təmin etmək barədə sualına cavab verən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bunun çox baha başa gəldiyini söyləyib. O Yeni Zellandiyanın iqlim şəraitinin daha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindən qat-qat çox olduğunu bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldə olunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir. “Azərsun Holdinq” tərəfindən keyfiyyəti beynəlxalaq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərək tərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq “Best Cow”, “Wellington” markaları ilə istehlakçılara təklif edildiyi bildirilib. İstehsal sahəsi ilə tanışlıqdan sonra jurnalistlərə rafinasiya sahəsi nümayiş etdirilib və müəssisəyə daxil olan xammalın müasir avadanlıqlarla təchiz edilmiş bu sahədə zəruri yoxlamalardan keçərək yad maddələrdən təmizləndiyi  qeyd edilib.

Mürəkkəb və müasir rafinə prosesi...

Qeyd edək ki, zavodun rafinasiya sahəsi də böyük marağa və təəccübə səbəb oldu. Ən müasir avadanlıqların quraşdırıldığı zavodu gəzdikcə burada yerli kərə yağının istehsal edilməməsi insanda təəssüf doğurmaya bilmir. Burada jurnalistlərə məlumat verilir ki, duru yağların istehsalı prosesində arzuolunmaz qoxular rafinə prosesində xaric edilir. 

Laboratoriyanın aşkarlamadığı qüsur yoxdur...

Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə Yağ fabrikində də  “Azərsun Holdinq”in digər müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi, gün ərzində, istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi bildirilib. Bundan başqa laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu qeyd edilib. Bildirildi ki, zavodda quraşdırılan labaratoriyanın nəticələri beynəlxalq miqyasda da qəbul edilir, inam göstərirlir: “Buna səbəb labaratoriyanın ən müasir avadanlıqlarla təmin edilməsidir. Burada əsas işi avadanlıqlar görür. Məhsulda nöqsanı da məhz bu avadanlıqlar üzə çıxardır”.

“Məhsulun tərkibində aşkarladığımız nöqsanı müəssisənin direktorundan çəkinmədən rəhbərliyə çatdırırıq” –Müstəqil laboratoriyada müstəqil idarəetmə...


Burada onu da öyrənirik ki, zavodda istehsal edilən yağlar ən müasir laborator avadanlıqlarda müayinədən keçməklə yanaşı, şirkətin prezidenti “Azərsun-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl bəyin də yoxlamasından keçir. "Azərsun Holdinq”in prinsipi budur ki, özümüz dadmadığımız, bəyənib süfrəmizə qoymadığımız məhsulu heç vaxt müştəriyə məsləhət görmürük. Bizim istehsal müəssisələrinin labaratoriyalarının heç biri müəssisələrə tabe deyil. Yəni, bizim labaratoriya zavoda tabe qurum deyil. Biz birbaşa mərkəzi quruma tabeyik. Ona görə də məhsulun tərkibində aşkarladığımız nöqsanı müəssisənin direktorundan çəkinmədən rəhbərliyə çatdırırıq. Buna görə zavodun direktorunun  bizə təzyiq etmək imkanı yoxdur”.  

Geni dəyişdirilmiş soyadan istifadə edilmir...

Laboratoriya ilə tanışlıq bitdikdən sonra jurnalistləri maraqlandıran suallara “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev cavab verib. O, ilk olaraq insan orqanizminin həm bitki həm kərə yağına ehtiyac duyduğunu bildirən və bunlardan birinin imtinasının yaxud da aşırı istifadəsinin insan sağlamlığı üçün zərərli olduğunu bildirib. Jurnalistlərin palma yağı barədə sualını cavablandıran mütəxəssis bu mövzuda çoxlu sayda miflərin formalaşdığını diqqətə çatdırıb. Tural Babayev dünyanın ən məşhur markalarının belə bu məhsuldan istifadə etdiyini, əksər ölkələrdə palma yağından istifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib. Mütəxəssis bu yağın təbii halda bərk formada olmasının da ona əlavə üstünlüklər qazandırdığını qeyd edib. Digər bitki yağları duru formada olduğu üçün onların bərkləşdirilməsi bəzən kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu da yağın tərkibində insan sağlamlığı üçün olduqca zərərli transyağların əmələ gəlməsinə səbəb olur. Tural Babayev “Azərsun Holdinq” tərəfindən istehsal olunan heç bir yağın tərkibində trans, yəni genetik modifikasiya olunmuş (GEMO) yağların olmadığını bildirib. O, bildirib ki, keyfiyyətə nəzarət hər zaman  ən yüksək səviyyədə təmin edilir. 
Qeyd edək ki, “Azərsun Sənaye Parkı”nda 2014-cü ildə istismara verilmiş Yağ Fabrikində məhsullar insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmi isə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur. Yetər ki, ölkəmizdə əhalinin tələbatını qarşılayacaq həcmdə xammal istehsal edilsin. Zavodda müşahidələrimiz onu deməyə əsas verir ki, ölkədə istehsal olunan yağlar nəinki daxili bazarda rəqabət aparmağa, hətta dünya bazarında da rəqabətdə qalib gəlməyə qadirdir.