Kənd təsərrüfatının intensiv metodlarla inkişaf dövrü başlanır

13 Oktyabr 2017 09:30 (UTC+04:00)

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda toxunulan məsələlərdən biri də aqrar sahədəki mövcud problemlər oldu. Prezident İlham Əliyev bizim torpaq fondumuzun məhdud olduğunu qeyd etdi. Bildirdi ki, kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılıdır: “Onların arasında aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili və suvarma məsələləri var”.

Mütəxəssislərin fikrincə, indiki şəraitdə ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişafı mümkündür. Bu, reallaşarsa, həm məhsuldarlıq, həm də icrac potensialımız artırmış olar.  İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, Azərbaycanda kənd təsərrüfatının böyük qismi ekstensiv üsulla inkişaf etdirilir: “Bunu da  əsasən ailə təsərrüfatında görmək olur. Bunun bir sıra səbəbi var. Məsələn, texnologiyanın cəlbi maliyyə tələb edir. Həmçinin bu gün fermerlər təsərrüfatlarının maliyyəyə çıxışında problemlər yaşanır. 
Bundan başqa, kredit faizlərinin yüksək olması, girovun olmaması, alternativ maliyyə məbələri institutlarının tam formalaşmamasını qeyd edə bilərik. Eyni zamanda kəndli-fermer təsərrüfatında istehsal olunan məhsulun bazarının zəif olması da problemlərdən biridir. Araşdırmalar göstərir ki, əksər hallarda məhsul kəndli-fermerin həyətində qalır, istehlakçıya çatdırıla bilmir. Bu kimi məsələlər kəndlinin maliyyə imkanını məhdudlaşdırır. İntensiv inkişaf üçün problemlər yaradır. 
Bəzi hallarda ucqar rayon yerlərdə infrastrukturun zəif inkişaf etməsi, bəzi yerlərdə suvarma problemin qalması kəndlinin öz təsərrüfatında intensiv inkişafın qarşısını alır. Ancaq iri təsərrüfat sahələrində intensiv üsullardan istifadə edirlər. İntensiv inkişaf böyük maliyyə, müasir texnologiya, peşəkar mütəxəssis tələb edir. İntensiv inkişaf həmçinin məşğulluq səviyyəsinin yüksək olmasını istəyir. Nəzərə alaq ki, bu gün əhalinin təxminən 47 faizi kənd yerlərində yaşayır. Daha çox işçi qüvvəsi olduğundan aqrar sahədə əl əməyinə üstünlük verirlər. ABŞ-da əhalinin 2.5%-i, Hollandiyada isə 10 %-i aqrar sahə ilə məşğul olur. Buna rəğmən, kəd təsərrüfatı məhsulları ixrac edirlər. Yəni, bu məsləyə kompleks yanaşılmalıdır. İnfrastuktur yenilənməli, kadr potensialını müasirləşdirməli, texnologiyaların asan gətirilməsi üçün lizinqin inkişaf etdirilməsi lazımdır. Məhsulların bazara çıxarılmasında aralıq vasitəçilərin sayı maksimum dərəcədə azalmalıdır. Çünki aqrar məhsulun bahalaşmasının bir səbəbi də budur. Kəndli məhsulunu çox ucuz verir, istehsalkı isə onu ala bilmir”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın təbii şəraiti və indiki vəziyyəti buna imkan verir: “Amma çətinliklər də var. Xüsusən suvarmada problemlər yaşanır. 
Bununla yanaşı, şoranlaşmış torpaqların yararlı vəziyyətə qaytarılması prosesi də paralel şəkildə aparılmalıdır. Həmçinin digər istiqamətlər üzrə də aqrotexniki işlərin görülməsi vacibdir. Nəzərə alaq ki, Azərbaycanın intensiv metodlarla inkişaf potensialı var. Həm təbii şərait, həm əhalinin çalışqanlığı buna şərait yaradır”.
Natiq Cəfərli əlavə etdi ki, Azərbaycanda kənd təsərrüfatının qarşısında duran əsas problemlərdən biri məhz məhsuldarlıqla bağlıdır: “Azərbaycanda məhsuldarlıq orta səviyyədən aşağıdır. Bu məsələ həll olunmalıdır. Həm yerli tələbatı təmin etmək, həm də ixrac etmək kimi vəzifəmiz var. Bunu da məhsuldarlığın artırılması yolu ilə həyata keçirmək olar. Bütün bunlar  aqrotexniki qaydalar, yeni texnikalar, elmi yanaşmalar, toxumların gətirilməsindən keçir ki, hər hektadan götürülən məhsuldarlıq yüksək olsun. 
İxracatda kənd təsərrüfatının payı artdıqca, bu, həm əhalinin gəlirlərinə, həm də ölkəyə daxil olan valyutanın həcminə müsbət təsir edəcək. Kənd təsərrüfatı elə sahədir ki, orada baş verən artım əhalinin güzəranına daha çox təsir göstərir. Çünki bu sahədə əhalinin çox hissəsi məşğul olur. Odur ki, bu sahədə ciddi perspektivlər var”.
Mübariz BAYRAMOV