Avropa Şurası ikili standartlar əsirliyindən xials ola bilmir

13 Oktyabr 2017 09:50 (UTC+04:00)

“Avropa Şurasının baş katibi Torbyorn Yaqland  qurumda Azərbaycana qarşı açıq şəkildə ikili standartlar sərgiləyir”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. 

O, ümumilikdə təşkilatı Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb: “Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üstünə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?". 
Siyasilərin fikrincə, qurumda Azərbaycana qarşı bəzi qüvvələrin qərəzli yanaşması erməni lobbi təşkilatlarının maraqlarını təmsil etmələrindən irəli gəlir. Belə vəziyyət davam edərsə, hətta Azərbaycanın Avropa Şurasını tərk etməsi məsələsi aktuallaşıb. Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov “Twitter” səhifəsində “əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?..”, deyə qeydlər edib. 
Millət vəkili Asim Mollazadə bildirdi ki, hazırda Azərbaycana qarşı informasiya müharibəsi gedir: “Bu istiqamətdə beynəlxalq təşkilatlarda, mətbuatda hər bir məqamdan istifadə edərək, Azərbaycanın Qərblə münasibətlərini pozmağa çalışırlar. Xüsusən də ermənilər Azərbaycanın mənfi imicini yaradaraq, sübut etməyə çalışırlar ki, guya belə bir insanlarla birgə yaşaya bilməzlər. Ona görə də Qarabağın müstəqil olması, ya da Ermənistanla birləşməsi təmin edilməlidir. Bu, səngərdə olan müharibənin davamıdır. Bu qərəzin arxasında eyni şəbəkə, eyni qüvvələr durur. 
Azərbaycan döyüşdə qalib olmaq üçün bütün qüvvələrini səfərbər etməlidir. Çünki təhlükəli prosesdir. Tək AŞ deyil, bir çox beynəlxalq təşkilatlardan bu cür ikili standartlar müşahidə edirik. Öz imkanlarından istifadə edərək, beynəlxalq mediada da Azərbaycana qarşı böhtan kampaniyası aparırlar”.
Asim Mollzadə əlavə etdi ki, bu fonda Avropa Şurasını tərk etmək Azərbaycanın xeyrinə olmazdı: “Bu müharibəni aparmaq üçün təşkilatda qalıb, qüvvələri səfərbər etməliyik”. 
Politoloq Qabil Hüseynli bildirdi ki, AŞ-da xüsusi ilə baş katibin istefaya göndərilməsindən sonra yeni baş katib səbəb oldu-olmadı Azərbaycanı ciddi tənqid edir: “Ukraynadan, Ermənistandan danışarkən də Azərbaycanı tənqid etməyə çalışır. Bu, ya naşılıqdandır, ya da daha çox qərəzli yanaşmaya bənzəyir. Çünki belə yanaşma ilə özünü daha prinsipal göstərmək istəyir. 
Bildiyimiz kimi indiki baş katib müvəqqəti təyin edilib. Yenidən seçilmək üçün canfəşanlıq edir. Müxtəlif məsələləri qabardaraq, özünə reytinq yığmağa çalışır. Amma bunların hamısı əbəsdir. Ağlı başında olan deputatlar belə kin-küdurətli sözləri qəbul etmir. Baş katibin Azərbaycana qarşı olan hiddətini xristian təssübkeşliyi ilə izah etmək olar. Erməni lobbisinin təsiri altına düşərək qeyri-obyektiv və AŞ-nın nizamnaməsi ilə üst-üstə düşməyən məqamlara yol verirlər. Bu da çox təhlükəli tendensiyadır”. 
Politoloq əlavə etdi ki, Azərbaycan qurumu tərk etməsi Dağlıq Qarabağ məsələsində mühüm bir tribunanı itirmək deməkdir: “Ermənilərə, onlara tərəf olan siyasi qüvvələrə orada meydan açılacaq. Bu da Dağlıq Qarabağla bağlı problemin həllinin çətinləşməsinə gətirib çıxaracaq. Biz orda dayanmalı və vuruşmalıyıq. Düzgün olduğumuzu dünyaya sübut etməliyik”. 
Mübariz BAYRAMOV