Hərb sənayesində mühüm yeniliklərə start verilir

6 Mart 2013 07:10 (UTC+04:00)

Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan hərbi potensialını davamlı şəkildə möhkəmləndirməkdədir. Bu fonda ölkəmiz müxtəlif xarici dövlətlərlə əsgəri texnika istehsalı sahəsində sıx əməkdaşlıq əlaqələri də qurur. Məsələn, Cənubi Afrika Respublikası ilə işbirliyi nəticəsində zirehli hərbi maşınların istehsalı ilə məşğuldur.

Xatırladaq ki, zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşma əldə olunub və artıq ölkəmizdə bu tip maşınların istehsalı həyata keçirilir. "Matador" və "Maradeur" adlanan bu zirehli maşınların taktiki-texniki göstəriciləri olduqca yüksəkdir. Məsələn, 14 nəfərlik tutumu olan "Matador" maşınları texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. O da məlumdur ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi "Paramount Group" şirkəti ilə "Mbombe" tipli piyadaların döyüş maşınının birgə istehsalına dair danışıqlar aparır. Bununla bağlı müvafiq qərarın cari ildə qəbulu gözlənilir.

Boş halda çəkisi 16 ton, döyüş çəkisi 27 ton təşkil edən "Mbombe" 11 heyəti daşıyır. Maksimal sürəti 100 km/saat, bir dəfəyə hərəkət diapazonu 700 km olan "Mbombe" 70 dərəcə bucaq altında yüksəkliyə dırmana bilir. Bundan başqa, döyüş maşınının salonu iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. 6x6 təkər formuluna malik "Mbombe" gücləndirilmiş mina əleyhinə müdafiəsinə malikdir. Maşının ballistik və artilleriya mərmilərinə qarşı müdafiəsi STANAG Level IV tələblərinə cavab verir. "Mbombe"nin gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm-lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm-lik B-32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir. Mütəxəssislərin fikrincə, "Mbombe"nin istehsalı və Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya qəbulu BTR və BMP tipli keçmiş sovet, müasir Rusiya və Ukrayna istehsalı olan döyüş maşınları ilə vidalaşma mərhələsinin başlanğıcını qoyacaq. Yeri gəlmişkən xatırladaq ki, son məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin texnika parkına daxil olan zirehli nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi 2020-ci ilədək yenilənəcək.

Bu arada isə məlum olub ki, yaxin vaxtlarda Azərbaycanda Türkiyənin Roketsan şirkəti ilə birgə reaktiv raketlərin istehsalına başlanacaq. "Azeridefence" portalı bildirir ki,artıq istehsalın yaradılması sahəsində işlər yekunlaşmaq üzrədir. Roketsan rəsmilərinin sözlərinə görə, istehsal üçün gərəkli texnologiyalar Azərbaycana transfer olunub. Raketlərin reaktiv mühərrikləri Roketsan tərəfindən, qalan hissələri və hərb başlığı isə Azərbaycanda istehsal olunacaq. Ilkin mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin təlabatına uyğun olaraq 107 və 122 mm çaplı raketlərin istehsalı həyata keçiriləcək. Sonrakı mərhələdə isə daha böyük çaplı raketlərin istehsalı nəzərdə tutulur.

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın hərbi sferada əməkdaşlığı son illlərdə sürətlə genişlənməkdədir. Xatırladaq ki, Azərbaycan tərəfi Türkiyə firmalarının istehsalı olan "Arma", "Pars" və "Əjdər" tipli zirehli maşınlara da marağını ifadə edib. Xatırladaq ki, Türkiyədən müxtəlif təyinatlı silah-sursat idxal edən ölkələrin ilk onluğuna Azərbaycan da daxildir. Onu da bildirək ki, 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir. Müqavilə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığını da nəzərdə tutur. Türkiyənin Aselsan şirkəti tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təchiz edilməsi məqsədilə ölkəmizdə "Aselsan-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər də göstərir. Hazırda Azərbaycan tərəfi "Türkiyə Aviasiyası və Kosmos Sənayesi" (TAİ) şirkətinin "T-129 ATAK" tipli hərbi vertolyotuna xüsusi maraq göstərir. Sözügedən vertolyotların isə Rusiyada istehsal edilən və "Qara akula" adlandırılan "K-50"-dən daha keyfiyyətli olduğu bildirilir. Həmçinin o da məlumdur ki, "T-129"ların qiyməti ABŞ istehsalı olan "Apaçi"lərdən aşağıdır.