Azərbaycana qarşı qərəzli şəkildə dəyişdirilən məruzə

14 Oktyabr 2017 08:00 (UTC+04:00)

“Uzun müddətdir ki, Avropa Şurası Parlament Assambleyası bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb: "Belə təəssürat yaranır ki, AŞ PA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmətini nümayiş etdirmək üçün çalışır. AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?..”

Siyasilərin fikrincə, AŞPA-da son zamanlar ölkəmizə qarşı müşahidə edilən bu qərəzlilik onun ikili standart siyasət yürütməsindən qaynaqlanır. Politoloq Tofiq Abbasov bildirdi ki, qurumun əsasnaməsi, müxtəlif nümayəndələrinin istinad etdiyi konvensiyalar, onların qayəsi Avropa cəmiyyətinin gələcəyi üçün böyük perspektivlər vəd edir: “Ancaq qurumda qərəzli meyllərin başlamasının səbəbi var. Birincisi, Avropa Şurasının daxili işlərinə kənardan müdaxilələr çoxdur. Məlumdur ki, orada lobbi qrupları fəaliyyət göstərir. Məhz həmin qüvvələr Avropa Şurasının fəaliyyətinə haram qatırlar. Çünki onlar hansısa imperiya maraqlarını təmin edirlər. 
Söhbət demokratiyadan, insan haqlarından gedirsə, zorakılıqla bunu reallaşdırmaq mümkün deyil. Bu proses dialoqa, fikir mübadiləsinə söykənir. Bunun vasitəsi ilə ortaq mövqeni formalaşdırmaq mümkündür. Ancaq görünən odur ki, hansısa dövlətin nümayəndəsini qəribçiliyə salırlar. Bütün bunlar isə demokratiya kodeksi ilə uzlaşmır. Azərbaycana münasibətdə dəfələrə bunu görmüşük. Torbyorn Yaqland Avropa Şurasına baş katib təyin olduqdan sonra Azərbaycana qarşı qərəzlər sistemli xarakter alıb. Bu da təsadüfi deyil. 
Düzdür, hansısa məsələ ilə bağlı fikir ayrılığı ola bilər. Ancaq bunu məkrli formada, həddən artıq siyasiləşdirmək müəyyən məqsədlərə hesablanıb. Məqsəd də Azərbyacanın imicini qaralamaq, normal ruhda olan dövləti qara göstərməyə çalışmaqdır. Bu fonda da qarşılıqlı münasibətlərdən söhbət gedə bilməz. Təhdidlə problemləri həll etmək olmaz. Avropa isə təhdidlə öz mövqeyini bizə “sırımaq” istəyir”. 
Bu arada Türkiyə nümayəndə heyətinin qurumdakı rəhbəri Talib Küçükcan bildirib ki, hər bir ölkənin öz tarixi, siyasi gerçəkliyi var: “Təəssüf ki, AŞPA-da bütün bunlara diqqət yetirilmir. AŞPA-da bəzi ölkələrə, xüsusilə də Türkiyə, Azərbaycan və Rusiyaya qarşı qərəzli mövqe var. Bu ölkələri avtoritar, insan haqlarının olmadığı ölkələr kimi qələmə verirlər. Amma digər tərəfdən Avropada ortaya çıxan millətçilik, islamafobiya kimi halların artmasına səslərini çıxarmırlar. AŞPA-da ikili yanaşma görürük. Bəzi ölkələr qorunur, onlarla bağlı müsbət məruzələr hazırlanır, bəziləri isə Azərbaycan kimi hücuma məruz qalır. Azərbaycanla bağlı iki məruzə qəbul olundu. Təəssüf olsun ki, assambleyada Azərbaycana qarşı lobbi formalaşıb. Həm də güclü və təsirli lobbi”.
AŞPA-nın büro üzvü bildirib ki, məruzələrin ilkin versiyası Parisdə komitə iclasında qəbul olundu, çox müsbət məruzə idi: “Ölkədəki vəziyyəti təsvir edir, eyni zamanda, qarşıda duran məsələləri də xatırladırdı. Heç bir ölkədə demokratiya mükəmməl deyil, çatışmazlıqlar ola bilər. Avropa Şurasına üzv olmaqda məqsədimiz məhz bu çatışmazlıqlarla bağlı birgə müzakirələr aparmaq, AŞPA-nın məsləhətlərini gözdən keçirmək və bunları ölkəmizdə tətbiq etməkdir. Üzv dövlətlərin heç biri, hətta İngiltərə, Almaniya, Fransa mükəmməl demokratiyaya malik deyil. AŞPA-ya gəlməkdə məqsədimiz problemlərimizi səmərəli şəkildə müzakirə etmək və həllini tapmaq olub. Parisdə qurumun komitə iclasında baxılan məruzə çox müsbət və yaxşı məruzə idi. Görülmüş işlərdən bəhs edilir, görüləcək işlərə toxunulurdu. Ancaq təəssüf olsun ki, AŞPA-dakı səsverməyə qədər arxasında erməni lobbisi dayanan bir qrup tərəfindən edilən düzəlişlərlə həmin məruzə tamamilə dəyişdirildi və Azərbaycan əleyhinə çevrildi. Bu qəbuledilməzdir”.
Politoloq Elşən Mustafayev iəs bildirdi ki, AŞ məhz dövlətlərin özlərinin yaratdığı məsləhətçi qurumdur: “Azərbaycan da orada təmsil olunur. Düzdür, zaman-zaman haqsız iradlar olub. Ancaq AŞ Azərbaycan hökumətinə qarşı daim tənqidi mövqedən çıxış etməyib. Azərbaycanın mənafeyinə uyğun kifayət qədər qərarlar da olub. Azərbaycanı sevməyənlər müəyyən boşluqlardan istifadə edib digər məsələləri də qabardırlar. 
AŞ-də Azərbaycanın tənqidinin qarşısının alınmasının çox sadə yolları var. Amma AŞ-nin verdiyi bəyanatlarının arxasında ciddi təzyiq də yoxdur. Bəyanat bəyanatlılığında qalır. Ümumən, qurumla Azərbaycan arasındakı münasibətlər enişli-yoxuşludur”.
Politoloq əlavə etdi ki, heç bir hökumət AŞ-də tənqid olunmasını istəməz: “Bu cür hadisələrin baş verməməsi üçün işlər görmək lazımdır. Orada Azərbaycana qarşı olan bəyanatların qarşısını almağa çalışmaq lazımdır”. 

Mübariz BAYRAMOV