Rusiya şirkətlərinin Azərbaycanın neft kəmərlərinə ehtyiacı artır

14 Oktyabr 2017 09:40 (UTC+04:00)

"Rusiyanın "Lukoil" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiya neftinin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin davam etdirilməsi üzrə danışıqlar aparır". Bunu "Litasko" ("Lukoyl"un 100 faizlik törəmə müəssisəsi) şirkətinin ticarət üzrə direktoru Aleksey Dzyuba Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib: "Danışıqlar davam edir. Bu istiqamətdə SOCAR ilə işləyirik". Bəs, Rusiya neftinin də Bakı-Tiflis-Ceyhanla daşınması Azərbaycaan hansı üstünlüklər vəd edir? 

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, “Lukoil” şirkətinin də Bakı-Tiflis-Ceyhan kəmərinə qoşulması Azərbaycana əlavə dividend və maliyyə vəsaitləri qazandıracaq: “Son dövrlər Dağıstanda, Mahaçkala yaxınlığında fəaliyyət göstərən “Daqneft Produkt” təşkilatı xam neftin qəbulu və ixrac kəmərinə yönəldilməsilə bağlı problemlər yaşayır. Bunu dəfələrlə “Lukoil” şirkəti, “Transneft”də vurğulayıb. 
Məsələ ondadır ki, “Lukoil”un Xəzərin Rusiya  sektorunda mövcud olan  yataqlardan hasil etdiyi neft  “Plas” nəşriyyatının tələblərinə cavab vermir. Dənizdə şelf yataqlarında hasil olunan neft “Daqneft Produkt”un aktivində olan çənlər parkına ötürülür. Burada da neftə qeyri-qanuni müdaxilələr olur. Yəni, “Lukoil”a aid neft həcmlərinə sanksiyalaşdırılmamış müdaxilələr olur. Son həftə Novorossiyskdə yüklənən xam neftin keyfiyyəti də bu fonda tələblərə cavab verməməyə başlayıb. “Daqneft Produkt”un əməkdaşları burada mənimsəmələrə yol verərək kəmərə dəniz suyu, yaxud da texniki su vurublar. Ona görə də son anda “Transneft”in aktivində olan nəql güclərinə vurulan neft Novorossiyskdən yüklənəndə xam neftin tərkibindəki suyun miqdarı “Plas” nəşriyyatının tələblərinə cavab vermir. Belədə son anda neft alıcılar tərəfindən qəbul edilmir. Bu baxımdan “Lukoil” şirkəti dəfələrlə qeyd edib ki, belə olan təqdirdə neft həcmlərini digər ixrac kəmərlərindən istifadə etməklə dünya bazarına çıxartmaq zorunda qalacaq. Bu ixrac gücü də Azərbaycan dövlətinin aktivində olan ixrac kəmərləridir. Həmin addım da həm Azərbaycan, həm də “Lukoil”un özü üçün də sərfəlidir. Çünki neft hasil edən şirkətlər qüvvədə olan standartlara cavab verən neft həcmləri təqdim etməlidir. Ona görə də, “Lukoil” şirkətinin həmin addımı ölkəmiz üçün də çox müsbət haldır. 
Ümumiyyətlə, son dövrlər Azərbaycan “Lukoil” və “Rostneft”lə neftin qəbulu və ixracı, nəql kəmərlərindən, sənaye  parkından birgə istifadə barədə geniş razılaşmalar əldə edib. Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə ixrac gücümüz ildə 50 milyon tondan çoxdur. Təbii ki, Azərbaycan bu həcmdə neft hasil edə bilmir. Ona görə də sözügedən kəmər tam layihə gücündə fəaliyyət göstərə bilmir. Bu səbəbdən də “Lukoil” tərəfindən həmin kəmərlə nə qədər çox neft daşınsa, bir o qədər yaxşıdır. Bu ixrac gücündən bildiyiniz kimi, Türkmənistan və Qazaxıstan da yararlanır. “Lukoil” isə bir neçə ildir ki, bu sahədə Azərbaycanla əməkdaşlıq edir. Təbii ki, bu fonda “Lukoil”un Azərbaycanın aktivində olan ixrac güclərindən istifadə etməsi ölkəmizə əlavə dividendlər gətirəcək. Bu, ölkəmizə əlavə maliyyə vəsaitlərinin daxil olması deməkdir”.  
Rüfət NADİROĞLU