Azad İstehlakçılar Birliyi "Azərsun" çayları ilə bağlı fikirlərini təkzib etdi

13 Oktyabr 2017 14:34 (UTC+04:00)

Bu günlərdə mətbuatda ölkədə ən iri çay istehsalçısı olan “Azərsun Holding”in istehsal etdiyi çayların xaricdən gətirilməsi, Azərbaycanda yalnız qablaşdırılmasının həyata keçirilməsi ilə bağlı məlumat yayılmışdı. Movqe.az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayaraq yayılan məlumatın nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb.

E. Hüseynov Movqe.az-a açıqlamasında bildirib ki, mətbuatda çayla bağlı söylədiyi fikirlərdə yalnışlıq olub. E. Hüseynov bildirib ki, onun mətbuata verdiyi açıqlamada səhvlər “Azərsun”un çaylarının xaricdən idxal edilərək Azərbaycanda qablaşdırılması, rənglənməsi ilə bağlı fikirlərdir: “Bəli, həmin fikirlərdə səhv olduğunu mən də etiraf edirəm. Həmin açıqlamadan sonra Azad İstehlakçılar Birliyi olaraq yeni məlumatlar əldə etdik. İndiyə qədər mən də elə bilirdim ki, Azərbaycanda çay plantasiyası yoxdur, çaylar xaricdən idxal edilir. Amma apardığımız araşdırma zamanı bəlli oldu ki, “Azərsun Holdinq”in çayı yalnız xaricdən idxal etməsi ilə bağlı verdiyim məlumat həqiqəti əks etdirmir. Ölkədə yerli fermerlər tərəfindən yetişdirilən çayın təxminən 90 faizi məhz “Azərsun” tərəfindən satın alınır. Bundan əlavə bu Şirkətlər Qrupunun sən demə Lənkəran və Astarada çay plantasiyaları mövcuddur. Masallıda isə bir neçə il öncə 100 hektar sahəsi olan yeni çay plantasiyası salınıb ki, bu da yaxın illərdə xammalın yerli məhsul hesabına təmin edilməsinin həcmini daha da artıracaq. “Azərsun Holdinq”in Astarada və Lənkəranda çay fabrikləri fəaliyyət göstərir və çayçılığın geniş yayıldığı bütün cənub bölgəsindən fermerlərdən çay toplayaraq qurudulması həyata keçirilir, məhsul istehsal üçün Bakıda yerləşən fabrikə göndərilir.Burada isə qurudulmuş çay qablaşdırılaraq istehlakçılara təqdim edilir”.
E. Hüseynov deyir ki, bu günədək çayın rənglənməsi ilə bağlı onda yalnış təsəvvür olub: “Aydınlıq gətirmək istədiyim digər məqam isə çayın rənglənməsi ilə bağlı olan açıqlamadır. Qeyd etmək istəyirəm ki, dünyada çayın rənglənməsi praktikası yoxdur. Bu məhsul tərkibindəki təbii maddələr hesabına rəng alır. Beləliklə nəticə olaraq qeyd etmək istəyirəm ki, bu günlərdə verdiyim açıqlama anlaşılmazlığa səbəb olub, əksinə, başqa brendlərlə yanaşı “Azərsun Holdinq”in çaylarından istifadə etmək məsləhət görülür. Bütün istehlakçılardan bu məqamları nəzərə almağı, jurnalistlərdən isə daha öncə verdiyim açıqlamaya bu məlumatı əlavə etməyi xahiş edirəm. Çaylara dair ilginc bilikləri olan insanları təşkilatımıza dəvət edirəm ki, çaylara dair tədqiqatlarımızı davam etdirək”.
E. Hüseynov bildirib ki,  “Azərsun” unun çayları Azərbaycanın çay şöhrətini yenidən özünə qaytarır. Artıq Rusiya və dünyanın bir çox ölkələri ancaq  bu şirkətin çaylarından istifadə edir. Mənim mətbuata verdiyim ilk açıqlamadan sonra xarici ölkələrdən mənə zənglər oldu ki, “Azərçay” artıq bir sıra ölkələrdə Azərbaycan brendi adı altında satılaraq sevilir, bəyənilir. Mən elə özüm də indiyədək çay sahəsində bu inkişafdan xəbərsiz olduğundan təəssüf hissi keçirdirəm”.