Türkiyə iqtidarından müəmmalı susqunluq

17 Oktyabr 2017 08:00 (UTC+04:00)

Son zamanlar qardaş Türkiyədə müəyyən qüvvələrə xidmət edən bəzi siyasilər Azərbaycan əleyhinə Qərbin apardığı çirkin siyasətə dəstək olmağa başlayıblar. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında antiazərbaycan qüvvələri ilə yanaşı, 3 türkiyəli deputat da Azərbaycana qarşı iki qətnamənin qəbul edilməsinin lehinə səs verib. Özü də  həmin deputatlar Türkiyənin ana müxalifətini təmsil edirlər. Bir müddət öncə isə biri sabiq deputat olmaqla 4 Türkiyə vətəndaşı qanunsuz olaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına səfər etmişdi. Bu vəziyyət onu göstərir ki, Türkiyədə bəziləri hələ də öz dövlətləri üçün Azərbaycanın nə dərəcədə xüsusi əhəmiyyət kəsb etdiyini anlamır və yaxud anlamaq istəmirlər. Başqa bir tərəfdən, Azərbaycan hər zaman bütün məsələlərdə Türkiyəyə dəstək olub. Burada keçən ilin iyulun 15-də dövlət çevrilişinə cəhd ediləndə, Bakı birmənalı şəkildə Türkiyənin qanuni hakimiyyətinə dəstək oldu. Həmçinin, Azərbaycan siyasiləri bütün beynəlxalq tədbirlərdə Türkiyəni dəstəkləyən qətnamələrə səs verib, qardaş ölkə əleyhinə yönələn xarici təzyiqlərə isə heç zaman qoşulmayıb. Bunun müqabilində, görürük ki, Türkiyədə bəzi müxalif siyasətçilər Qərbin Azərbaycan əleyhinə çirkin kampaniyasında şəxsi maraqlarını əsas tutmaqla yer alırlar. Bu fonda nədənsə Türkiyə hakimiyyəti tərəfindən Azərbaycan əleyhinə kampaniyada iştirak edən vətəndaşlarına münasibətdə təpkinin yetərli olmadığını görürük. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Türkiyə hakimiyyəti AŞPA-da Azərbaycan əleyhinə kampaniyada iştirak edən CHP-çi deputatlara münasibətdə ciddi təpki göstərməyə borclu idi: “Məsələyə əslində, iki kontekstdə yanaşmağın tərəfdarıyam. Türkiyə vətəndaşlarının işğal edilmiş Azərbaycan torpaqlarına səfər etməsilə bağlı əməldə həm də cinayət tərkibi var. Bu, təkcə Azərbaycan qanunvericiliyinə görə cinayət sayılmır. Hətta dünya miqyasında başqa bir ölkə vətəndaşının qanunsuz olaraq digər ölkənin sərhədini pozması cinayət tərkibi hesab edilir və bu fakta qarşı da müvafiq addımlar sərgilənir. Qanunsuz olaraq Qarabağa səfər edən 4 Türkiyə vətəndaşı ölkəyə qayıtdıqdan sonra qanunsuz səfərləri barədə geniş məlumat verərək, belə bir addıma yol verdiklərini təsdiqləyiblər. Bu barədə Türkiyə mətbuatında məlumatlar gedib. Eyni zamanda onlar işğalı müdafiə edən bəyanatlar veriblər. Bu baxımdan Türkiyə Prokurorluğunun Azərbaycanın müraciətini gözləməsinə ehtiyac yox idi. Həmin qurum PKK terrorçularının oxşar əməllərinə qarşı hansı tədbirlər sərgiləyirsə, bu şəxslərə qarşı da eyni addımı atıb, onlarla bağlı da müvafiq məhkəmələrə müraciət etməlidir. Amma təəssüf ki, ortalıqda olan sözügedən fakta münasibətdə Türkiyə hakimiyyəti tərəfindən hüquqi addımların atıldığını hələlik görmürük. Bunun səbəblərini izah etməkdə də bir qədər çətinlik çəkirəm. O ki qaldı, CHP-dən olan deputatların AŞPA-da antiazərbaycan mövqeyi sərgiləməsinə,  bunu fərqli kontekstdə analiz etmək lazımdır. 

Son dövrlər Türkiyə hakimiyyəti ilə Qərb arasında münasibətlərin kəskinləşməsindən müxalif CHP nümayəndələri istifadə etməyə çalışır ki, Qərbə, habelə Türkiyə ilə Azərbaycan əleyhinə olan qüvvələrə yarınsın, özlərini onlara daha yaxın göstərsinlər. Mənəvi baxımdan da CHP-dən olan deputatların atdığı həmin addım heç bir halda müsbət dəyərləndirilə bilməz. Türkiyə-Azərbaycan münasibətləri partiyalararası çəkişmələr üçün bir vasitəyə çevrilməməlidir. Bu fonda da CHP nümayəndələrinin davranışları həddən artıq utandırıcı və Atatürkün yaratdığı  partiyanın ideologiyasına zidd bir davranışdır. Onlar Atatürk platforması üzərində hərəkət edirlər. Amma nədənsə “Azərbaycanın sevinci, sevincimiz, kədəri kədərimizdir” deyən Atatürkün ölkəmizlə bağlı münasibətlərini nəzərə almırlar. Bu, həm də həmin şəxslərin öz partiyalarının ideoloji prinsiplərinə xəyanət kimi dəyərləndirilməlidir. Bütün bunlar fonunda bir məqam da xüsusi olaraq qiymətləndirilməlidir. Azərbaycan cəmiyyəti nə üçün narahatdır. Türkiyə ilə bağlı dünyada hansısa bir haqsızlıq baş verəndə Azərbaycan ictimaiyyəti və hakimiyyəti kəskin bir mövqe ortaya qoyaraq sərt şəkildə fikirlərini ifadə etməklə həmişə qardaş ölkənin yanında olub. Amma eyni hadisələr Azərbaycana qarşı baş verəndə Türkityə tərəfindən adekvat addımların atıldığının şahidi olmuruq. Praqada Türkiyə təmsilçilərinin qatılmadığı dövlət və hökumət başçılarının “Şərq Tərəfdaşlığı Proqramı”nın 5 illiyinə həsr olunan sammit keçirildi. Ermənistan prezidenti burada Türkiyə nümayəndəliyinin iştirak etmədiyini görüb, Ankaraya qarşı əsası olmayan ittihamlar səsləndirdi. Dərhal sonra Azərbaycan Prezidenti çıxış edərək bildirdi ki, “Türkiyə yoxdursa, mən buradayam, qardaş ölkəyə yönələn bütün ittihamlara cavab vermək iqtidarındayıq”. Belədə, o, Sarkisyanın Türkiyəyə qarşı olan bütün ittihamlarını alt-üst etdi. Bununla da, Azərbaycanın Türkiyənin olmadığı bir yerdə ölkəmizin qardaş dövlətə gerçək münasibətinin necə olduğunun şahidi olduq. AŞPA-da Azərbaycan əleyhinə verilən qətnaməyə CHP nümayəndələri səs versə də, heç olmasa oradakı AKP nümayəndələrinin müxalifət partiyası təmsilçilərinə qarşı sərt mövqeyini də görmədik. Yaxud hakim partiyanın özü, Türkiyə Böyük Millət Məclisi tərəfindən CHP-çilərin atdığı bu addımın pislənilməsinin şahidi olmadıq. Narazılıq doğuran da budur. Azərbaycanla bağlı strateji əhəmiyyətli məsələlərə, ölkəmizə qarşı,
xüsusilə Dağlıq Qarabağ münaqişəsi kontekstində aparılan şər və böhtan kampaniyasını dəstəkləyən insanlara sərt cavab verilməməsi Azərbaycan ictimaiyyətini sözsüz ki, haqlı olaraq narahat edir. Onlar da bizə qarşı nümayiş etdirməlidirlər. 
Hesab edirəm ki, Türkiyə hakimiyyəti, ictimai rəyi Bakı ilə Ankara arasındakı münasibətlərə xələl gətirə biləcək məsələlərə münasibətdə həssas olmalıdırlar. Türkiyə hakimiyyətinin həmin şəxslərə münasibətdə göstərdiyi təpkinin yetərli olmamasının səbəbini isə izah edə bilmərəm. Bunu hər hansı bir formada söyləməyə sözün doğrusu, çətinlik çəkirəm. Ortalıqda buna səbəb verəcək heç bir amil yoxdur. Başa düşürük, Türkiyənin İraq və Suriya məsələsilə bağlı gündəmi zəngindir. Amma qardaş ölkələr olduğumuzdan Azərbaycan gündəmi bütün bu məsələlərdən öndə gəlməli və daha həssas qəbul olunmalıdır”.
Rüfət NADİROĞLU