Kriptovalyuta dəyərinə görə bütün pulları qabaqlayır

17 Oktyabr 2017 09:40 (UTC+04:00)

Rəqəmsal pul vahidi “bitcoin”, 2017-ci ilin əvvəlindən bu yana təxminən 350 faiz bahalaşıb. İlin əvvəlində 1000 dollardan aşağı olan virtual pulun dəyəri 13 oktyabr tarixinə 5 min 765 dollar təşkil edir. Mütəxəssislərin fikrincə, virtual pul vahidi “bitcoin”, Yaponyadakı tələbin təsiri, ABŞ və Şimali Koreya arasında artan gərginlik ilə əlaqədar olaraq bahalaşır. 

Qeyd edək ki, artıq bəzi ölkələrin mərkəzi bankları bu puldan istfiadə etməyi düşünür. Bu fonda Azərbaycanda da bu məsələ gündəmə gəlir. Lakin ekspertlər yaxın bir neçə ildə ölkəmizdə “bitcoin”i ödəniş vasitəsi kimi görmürlər. 
Mövzu ilə bağlı “Mövqe”yə açıqlama verən kriptovalyuta üzrə mütəxəssis, iqtisadçı Elnur Quliyev bildirir ki, "bitcoin”in bahalaşmasının bir sıra səbəbləri var: “İlk növbədə tələb və təklif amilini göstrəməliyik.  Bazarda "bitcoin”ə tələb ona görə artır ki, insanlarda ona inam və maraq yüksəlib. Bəzi insanlar maraqdan, bəzi isə inamdan "bitcoin” alır. İkincisi, oktyabr ayının 25-də "bitcoin gold” yaranacaq. Nə qədər "bitcoin” varsa, o qədər "bitcoin gold” əldə ediləcək. Ona görə də hər kəs hazırda "bitcoin” almaqda maraqlıdır ki, o qədər "bitcoin gold” qazansın. Nəzərə alaq ki, iki ay əvvəl "bitcoin cash” yarananda da belə olmuşdu. Yəni "bitcoin”ə tələbin artmasının bir səbəbi də "bitcoin gold”un gəlişidir. Bundan başqa, ümumiyyətlə, birjalara təsir edən əsas amil informasiyadır. Mənfi informasiya yaratmaqla qiymətləri aşağı salmaq mümkündür.”
Ekspertin fikrincə, yaxın üç il ərzində Azərbaycanda "bitcoin”in fəaliyyətə başlaması real görünmür: “İnsanların çoz az hissəsinin kriptovalyuta haqqında informasiyası var. Azərbaycanda hələ insanlar nağd əməliyyatlara üstünlük verirlər. Bundan başqa, kriptovalyutaya keçid üçün bu, ölkə daxilində dövlət səviyyəsində qəbul edilməlidir. Ancaq bəzi insanlar indidən "bitcoin” alıblar. Bilirlər ki, onun qiyməti qalxacaq. Dövlət bunu ödəniş vasitəsi kimi qəbul etməlidir ki, insanlar istifadə edə bilsinlər. Yəni, ölkəmizdə "bitcoin”in fəaliyyətə başlamamasının ilk səbəbi insanların bunun haqqında informasiyasının olmamasıdır. 
İkincisi, heç bir dövlət qurumu buna rəsmi səviyyədə münasibət bildirməyib. Sadəcə, Vergilər Nazirliyində “Blkockchain” texnologiyasi ilə  bağlı seminar keçiriblər. Hansı ki, "bitcoin” onun əsasında işləyir. Amma texnologiya ilə maraqlanmağın özü müsbət faktordur. Nəzərə alaq ki, “Blkockchain” texnologiyası internetin icadı kimi yenilikdir. “Blkockchain” texnologiyası "bitcoin” ilə bir yerdə yaranıb. Ancaq yalnız kriptovalyutalara aid deyil. “Blkockchain” texnolgiyasından digər sahələrdə - səhiyyədə, təhsildə istifadə etmək olar”. 
İqtisadçının sözlərinə görə, "bitcoin” çox yüksək riskli investisiyadır: “Hazırda 1100-dən çox kriptovalyuta var. Sadəcə, "bitcoin” ilkdir və sahibi yoxdur. Ona görə də "bitcoin”də spekulyativ faktorlar daha çoxdur. Buna baxmayaraq, yüksək gəlirlidir. Ötən  həftə "bitcoin”in  qiyməti 4190 dollar idi. İndi isə qiyməti 5600 dollara çatıb. Hansı ki, belə bir marja da heç bir investisiyada yoxdur. Yəni yüksək gəlirli və yüksək risklidir. Ona görə də "bitcoin” almaq üçün mütəxəssislə məsləhətləşmək lazımdır. Bununla bağlı müxtəlif proqnozlar var. Nəzərə alaq ki, indiki qiymətləri may ayından proqnoz verilmişdi. İlin sonuna qədər "bitcoin”in qiymətinin 6 min dolları keçməsi gözlənilir. 2018-ci ildə isə 10 min dollar olacağı proqnozlaşdırılır”.
Elnur Quliyev əlavə etdi ki, "bitcoin”a marağın artmasının səbəbi var: “Cari ilin aprel ayından etibarən Yaponiya hökuməti "bitcoin”i ödəniş vasitəsi kimi qəbul etdi. Ondan sonra "bitcoin”in qiyməti qalxmağa başladı. Onu da nəzərə alaq ki, Yaponiya dünyanı iqtisadi proseslərdə, texnologiyada təxminən 10 il qabaqlayır. Onlar bunu ediblərsə, deməli, 2009-cu ildə fikirləşiblər”. 
Mübariz BAYRAMOV