Yerli məhsullara tələb sürətlə artacaq

17 Oktyabr 2017 09:15 (UTC+04:00)

Hökumət aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır: "Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil”. Hadisələr hansı səpkidə inkişaf edəcək? Bəzi məhsullar üzrə aksiz vergisinin artırılması onların daxildə istehsal həcminin artmasına gətirib çıxara bilərmi? Çünki yerli istehsal məhsullarını bazar qiyməti daha ucuz olur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, aksiz vergisinin artımı yerli istehsalın artımına stimul verəcək: “Adətən, aksiz vergisi o məhsullara tətbiq edilir ki, bu məhsul üzrə yerli istehsal daxili tələbatı tam olaraq ödəyir. Belə olan halda daxili tələbatı tam ödəməyən məhsullara aksiz vergisinin tətbiqi və ya onun artırılması məqsədəuyğun deyil. Bu da daha çox antidepinq siyasətidir. Aksiz vergilərin artırılması ölkəyə gətirilən məhsulların bahalaşmasına gətirib çıxarır. Nəticə etibarı ilə bu məhsulları gətirənlərin xərclərinin artması ilə də müşahidə olunur. O baxımdan aksiz vergisinin artırılması idxal məhsulunun qiymətinin bahalaşmasına səbəb olur. Bu mənada da aksiz vergisi artırılan məhsullar üzrə qiymətlərin bahalaşacağı şübhəsizdir. Gətirilən spirtli içki və tütün məhsulları üzrə qiymət artımlarının olacağı proqnozlaşdırılır. 

Amma eyni zamanda, bu proses yerli istehsal olan  məhsulların istehsal prosesinin artmasına rəvac verə bilər. Çünki, xaricdən gətirilən məhsulun qiyməti artdıqca, yerli istehsal olunan məhsula tələb artır. Ölkəmizdə yerli markalı spirtli içkilər istehsal edilir. Belədə proses həmin spirtli içkilər üzrə istehsalın genişlənməsinə gətirib çıxaracaq ki, bu da onlara tələbin artması fonunda baş verəcək. Amma yerli tütün məmulatları istehlakı daxili tələbi tam ödəmədiyindən aksiz vergisinin bahalaşmasının həmin məhsullara təsiri fərqli ola bilər. Bu proses tütün məmulatlarında qiymətlərin bahalaşmasına gətirib çıxarar. Çünki yerli istehsal olunan tütünün xammalı xaricdən gətirildiyindən bu da nəticə etibarı ilə onun qiymətinə təsir göstərir. Ümumiyyətlə, nəzərə alaq ki, tütün və spirtli içkilər üzrə aksiz vergisi üzrə dərəcələrin artırılması proqnozlaşdırılır, o baxımdan proses nəticə etibarı ilə həmin məhsullara  ikili təsir göstərəcək. Spirtli içkilərdə yerli məhsullara tələbin artması bu sahədə istehsalın genişlənməsinə rəvac verəcək. Lakin tütün məhsulları üzrə daha çox güman olunur ki, proses onun qiymətinin bahalaşmasına rəvac verəcək. 
Birmənalı şəkildə diqqət yetirmək lazımdır ki, daxili tələbi ödəyən yerli istehsal üzrə yüksək aksiz vergiləri tətbiq edilsin. Amma yerli istehsal tam olaraq ödəməyən məhsullar üzrə aksiz vergilərin tətbiqi və ya onun artırılması arzuolunan deyil”.
İqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə, bəzi məhsullar üzrə aksiz vergi dərəcəsinin artırılması sözün həqiqi mənasında zərurətə çevrilib: “Adətən dövlət tütün və spirtli içmi məmulatları üzrə aksiz dərəcəsini daim yüksəldir. Bu da ikili məqsəd daşıyır. Belə addımlarla bir tərəfdən tütün və alkoqollu içki istifadəçilərinin sayını azalmağa çalışırlar. Çünki məhsulun qiyməti bahalaşdıqca onun istifadəçilərinin sayı da azalır. Xalqın sağlamlığı baxımından belə məmulatlar üzrə aksiz dərəcəsinin artırılması tendensiyası ümumiyyətlə, dünyada mövcuddur. 
İkinci bir tərəfdən, aksiv vergi dərəcəsini artırmaqla büdcə gəlirlərini də artırırlar. Ərzaq və gündəlik tələbat məhsulları üzrə isə hökumətin aksiz vergi dərəcəsini artırmağa gedəcəyi inandırıcı görünmür. Çünki Azərbaycanın daxili bazarı elə də geniş deyil. Azərbaycanda spirtli içki və tütün məhsulları üzrə qeyri-qanuni məhsul istehsalı yaxşı ki, geniş yayılmayıb. Ölkədə bu məhsulların istehsal və satışı ciddi nəzarət altındadır. Bəzi məhsullar üzrə bu fonda aksiz vergilərin artırılması istər-istəməz həmin məhsulların daxili sitehsalının genişlənməsinə təkan verə bilər. Hər halda sözügedən addımın atılması ölkəmizə hərtərəfli xeyir gətirəcək”.
Rüfət NADİROĞLU