Avropa Şurasının Azərbaycan qərəzi öz bahşına bəla olur

17 Oktyabr 2017 09:50 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə  həmməruzəçi Sezar Florin Predan qurumun çox çətin bir dövrdə olduğunu bildirib: “Mən Azərbaycanın Avropa Şurasını tərk etməsini istəmirəm. Rusiya Avropa Şurasını tərk etdi, Türkiyə də tərk etmək niyyətindədir. Əgər Azərbaycan da Avropa Şurasından çıxsa, bu, təşkilat üçün böyük problem yaradacaq. Çünki belədə Avropa Şurası qapalı bir təşkilat forması alaraq Avropa İttifaqına bənzəyəcək”. 

Son cümlə Aİ haqda deyilən “bu qurum daha çox xristian klubunu xatırladır” fikrinin təsdiqi sayıla bilər. Birtərəfli fikirləri dəstəkləyən klub kimi formalaşmış bir ittifaq məhz Avropadan səslənən ideyaların tam əksinədir. Həm də ikili standart siyasətinin parlaq təcəssümüdür. Avropa Şurasının fəaliyyəti də bu baxımdan ciddi fərqlənmir. Təşkilatın Azərbaycana münasibətində də bu istiqamət aydın görünür. 
Bir ay əvvəl Azərbaycanda səfərdə olan və BBC-yə müsahibə verən digər AŞPA həmməruzəçisi Stefan Şhennax deyib: “Azərbaycan anlamalıdır ki, Avropa Şurasında demokratiya, insan haqları və qanunun aliliyi barədə müzakirələr hər bir cəmiyyət üçün vacibdir və Azərbaycan cəmiyyəti və onun inkişafı üçün də vacibdir. Biz həmçinin anlayırıq ki, Sovet İttifaqından müstəqil ədliyyə sistemi və alternativlərin olduğu qanunlar sisteminə, azyaşlıların qanunla qorunmasını təşkil edən bir sistemə keçmək uzun və çətin prosesdir”. Belə olan halda sual olunur ki, bəs, niyə hər dəfə Azərbaycan üzrə məruzə müzakirəyə çıxarılanda mütləq ciddi qərəzə söykənən qətnamələr səsə qoyulur. Madam ki, həmməruzəçilər prosesin çətinliyinin və uzunmüddətli olmasını qəbul edirlər, onda bu fikirlər qətnamədə də təzahürünü tapmalıdır. Amma görünür, avropalılar ağıllı olmaqlarını “bir cür danışıb başqa cür sənədləşdirmə”də görürlər. 
Tez-tez Avropa dəyərlərindən və parametrlərindən danışan AŞPA deputatları Azərbaycanda da tez-tez olurlar. Ölkədə gedən inkişaf prosesini öz gözləri ilə görən avropalılar cəmiyyətimizin insan hüquqları və demokratiya sarıdan irəlilədiyinin də şahidi olur və bunu təqdir edirlər. Xüsusilə, qanunvericiliyin demokratik əsasda təkmilləşdirilməsi, dövlət strukturları ilə əhali arasında səddlərin aradan qaldırılması, əhalinin tələıb və təkliflərinə getdikcə daha diqqətlə yanaşılması məsələlərini faktiki olaraq təsdiqləyirlər.  AŞPA həmməruzəçiləri öz müsahibələrində bildirirlər ki, “Biz səfərlərimiz zamanı Azərbaycan höküməti ilə çox rahatlıqla dialoqa girə bildik. Azərbaycanda olduğumuz müddətdə görüşlərin təşkili, ümumiyyətlə, fəaliyyətimizlə bağlı bizə heç bir rədd cavabı verilmədi”. Nəzərə almaq lazımdır ki, AŞPA hüquqi təşkilat deyil, onun qərarları da tövsiyə xarakterlidir və yerinə yetirilməsində və nəzərə alınmasında heç bir məcburetmə mexanizminə malik deyil. Belə olan halda ciddi tənqidi qətnamələrin qəbulu nəyə gərəkdir? Məsələn, bir neçə gün əvvəl təşkilatın iclasında Azərbaycana qarşı qarayaxmalarla dolu iki qətnamənin səsə qoyulub qəbul edilməsi heç cür başadüşülən deyil. Çünki, haqsızlıq tendensiyası təşkilatın özünün əleyhinə çevrilmiş həmlə rolunu oynayır. Məhz Azərbaycana qarşı uzun illər davam edən böhtançı kampaniya AŞPA-nı nüfuzdan salmaqla yanaşı onun rəhbərliyinin lobbiçiliyə xidmət etdiyini təsdiqləyir. Artıq hamıya aydındır ki, Avropa Birliyinin və onun müxtəlif təsisatlarının, xüsusilə də AŞPA erməni lobbi təşkilatlarının sərmayələri hesabına Azərbaycana hücumlar təşkil edirlər. Üzdə bizə yüksək inkişafımızı təsdiqlədiklərini bildirir, işdə böhtançı sənədlərlə əleyhimizə ucuz reklamlar tirajlayırlar.
İndi iş o yerə çatıb ki, Azərbaycanın AŞPA-dan çıxması gündəmə gələ bilər. Rusiya çıxıb, Türkiyə təşkilatı tərk etməkdən danışır. Avropa Şurasının baş katibi Torborn Yaqland Rusiyanı geri qaytarmaq üçün Moskvanın yolunu “su yoluna” döndərib. Avropanın bir neçə ölkəsini neftlə təmin edən və daha bir neçə ölkəsinə təbii qaz ixrac etməyə hazırlaşan Azərbaycan da təşkilatdakı fəaliyyətini dondursa, eyni ssenari təkrar olunacaq. Bu dəfə Bakıya gələn siyasi minnətçilərin ardl-arası kəsilməyəcək. Təsadüfi deyil ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin narazı bəyanatından dərhal sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan və AŞPA-nı dialoqa çağırıb. Yaxın günlərdə isə Avropa İttifaqına üzv 15 dövlətin səfirləri Azərbaycana təşrif buyuracaq. 
Bu mənada AŞPA-nın hazırkı fəaliyyəti qürub edən günəşi xatırladır. Deyəsən, bütün dünyanın yüksək səviyyədə qəbul etdiyi Avropa sivilizasiya öz missiyasını yerinə yetirib. Digər keçmiş sivilizasiyalar kimi bu intibah da tarixə çevriləcək və Şərqdən oyanan günəşin istisinə qızınmalı olacaq. Avropalılar şübhə etməməlidirlər ki, Azərbaycan həmin günəşin ən güclü şüalarından biri olacaq.

N.NOVRUZ