Baş anestezioloqdan "narkoz" zamanı baş verən ölümlərlə bağlı açıqlama-"Günahı anestezioloqlarda görürlər"

17 Oktyabr 2017 12:08 (UTC+04:00)

"Xəstəxanaya ağır vəziyyətdə gələn xəstələr bəzi xəstəliklərini gizlədirlər. Bu hallara uşaqlarla bağlı da rast gəlinir. Valideynlər bəzən uşağın kəllədaxili təzyiqinin olduğunu, yaxudda ürəyində narahatçılığının olduğunu həkimdən gizlədirlər. Buna da səbəb əsas odur ki, əlavə müayinələrə getməsinlər. Ürəyində qüsuru olan xəstə müayinə olunmalıdır. Amma exokardioqramma olunmamaq üçün ürək qüsurlarını gizlədirlər. Uşaqlarda kəllədaxili təzyiq varsa, ona elə dərman preparatı var ki, vurmaq olmaz. Bu zaman təzyiq kəskin yüksələ və sudurqa tuta bilər. Ona görə də, xəstə əməliyyata girməmişdən əvvəl mütləq müayinələrə getməlidir. Bunlara etinasız yanaşdıqda da cərrahiyyə masasındaca ölüm halı baş verir".

Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Anestezioloq Günü ilə əlaqədar keçirilən tədbirdə Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov deyib. A. Qədirov bildirib ki, uşaqların əməliyyatdan öncə pediatr müayinəsindən keçirilməsi mütləqdir: "Uşaq sağlam olsa belə, bu müayinələr mütləq aparılmalıdır.Amma valideynlər də uşağın xəstəliklərini həkimdən gizlətməli deyillər. Elə xəstəliklər var ki, onu həmin an üzə çıxardan xüsusi avadanlıqlar yoxdur. Uşaqlarda kəllədaxili təzyiqi ölçən cihaz yoxdur. Uşağın travmayla doğulduğunu, kəllə daxili təzyiqinin olduğunu valideyn həkimə deməlidir. Amma çox təəssüf ki, bəzən valideynlər bunu gizlədirlər. Ölüm baş verəndə də anestezioloqları günahkar görürlər".

Baş anestezioloq deyib ki, gecikmiş mərhələdə həkimə müraciət də ağır nəticələrlə yadda qalır:"Birdə görürsən ki, hamilə qadınlar çox yüksək təzyiqlə, qanaxmayla həkimə çatdırılırlar. Xəstənin yaxınından səbəbini soruşduqda digər xəstəliyinin olduğunu gozlədir. Hamı istəyir ki, xəstəsini gətirən kimi həkimə əməliyyat etdirib aparsın. Amma əməliyyata hazırlıq anında ölüm baş verisə günahı anestezioloqda görürlər. Xəstəliyi ağırlaşmamış müalicə etmək lazımdır. İnsanlar ilk növbədə özlərinin həkimi olmalıdırlar. Sağlamlıqda yaranan fəsada laqeyid mövqe nümayiş etdirmək olmaz!"

A, Qədirov çox az hallarda anestezioloqların səhvi üzündən cərrahiyyə əməliyyatları zamanı ölüm halının baş verdiyini söyləyir: "Belə hallar iki-üç faiz ola bilər". 

Zülfiyyə QULUYEVA