Fermerlər məhsulların sığortalanması ilə zərərlərini azalad bilərlər, amma…

18 Oktyabr 2017 08:00 (UTC+04:00)

Bölgələrdə təbii fəlakət, sel və yağıntılar aqrar sahəyə yenə müəyyən dərəcədə ziyan vurur. Belə vəziyyətdə məhsulların sığortalanması məsələsi yenidən aktuallaşıb. Amma bu məsələdə hələ də çətinliklər yaşanır. 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, fermer sığorta hadisəsi baş verəndə zərərə məruz qaldığını sübut edə biləcəyinə əmin deyil: “Fermerlərin istehsal etdikləri məhsulu sığortalamasına maraq göstərməməsini nə hava şəraitində, nə də kənd təsərrüfatının özündə axtarmaq lazım deyil. Aqrar sahə üzrə məhsulların sığortalanması məsələsini reallaşdırmağın mümkün olmamasının səbəbini həmin sahəyə cavabdeh olanların bacarıqsızlığında axtarmaq gərəkdir. Onlar işi təşkil edə, fermerlərdə prosesə maraq yarada, bu istiqamətdə lazımı qayda-qanunların hazırlayıb təqdim edə bilmirlər. 
Digər tərəfdən, fermer sığorta hadisəsi baş verəndə zərərə məruz qaldığını sübut edə biləcəyinə əmin deyil. Ona görə fermerlərdə sığortalanma prosesinə etibar yoxdur. Fermerlərin əksəriyyətinin ümumiyyətlə, proses barədə bilgisi zəifdir. Onlar sığortalama hadisəsini sübut etmək üçün öz müdafiəsini yaxşı təşkil edə bilmir. Ölkədə fəaliyyət göstərən hüquqşünasların bir çoxu da bu sahəni kifayət qədər yaxşı bilmir. Həmçinin, sözügedən məsələ ilə bağlı beynəlxalq təcrübədən  bəhrələnməkdə də çətinlik çəkirlər. Bütün bunlar da qeyri-peşakarlıqdan irəli gəlir”.
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı düşünür ki, sığortaya güvənin olmaması və təbliğatın zəif aparılması fonunda fermerlər  aqrar sahə məhsullarını sığortalamağa o qədər də meylli olmurlar: “Kənd təsərrüfatı sahəsinin sığortalanması məsələsi çətin, amma çox əhəmiyyətli məsələdir. Bu da kənd təsərrüfatının çoxsahəli olmasından qaynaqlanır. Eyni zamanda, təbii şəraitdən çox asılıdır. Bu mənada ziyana ən çox məruz qalan sahələrdən biridir. 
Aqrar sahənin, bu sahədə yetişdirilən məhsulların sığortalanmasında irəliləyişin olmaması bir sıra amillərədn qaynaqlanır. Birincisi, təcrübə azdır. Digər tərəfdən, sığortaya güvən yetərli deyil, həmçinin sığorta qanununun təkmilləşdirilməsinə ehtiyac var. İnsanlar başqa sahələrdə sığorta istiqamətində problem yaşadığından proses özünü istər-istəməz kənd təsərrüfatında da göstərir. Ona görə fermerlər də əkin sahələrinin sığortalanmasına ümumən laqeyd yanaşır. Fermerləri maraqlandıran məsələlərdən biri də sığorta hadisəsi baş verdikdə, şirkətin onların itkisini hansı nisbətdə qarşılayacağı ilə bağlıdır. 
Sığorta prosesinin inkişafı üçün sığorta qurumlarının üzərində də mühüm iş düşür. Onlar əhalini maarifləndirməli, sığortanın əhəmiyyətini onlara başa salmalıdır. Daha bir spesifik məsələ odur ki, sığorta ilə əlaqədar bölgələrdə konsultasiya qurumları yaradılmalıdır. Belə bir qurum olarsa, sığorta sahəsində müəyyən irəliləyişə nail olmaq mümkündür. Əhəmiyyətli bir məqam isə sığorta sahəsində mübahisələrin həllilə bağlıdır. Fermerin bu fonda müdafiəsi məsələsinin necə təşkil oluna bilməsi də əhəmiyyət kəsb edir. Bitkiçilikdə hava şəraitindən asılı olaraq fermerlər yığım zamanı və ya ondan öncə məruz qaldığı problemlər üzündən məhsul əldə edə bilmir. Bu tendensiya son günlər pambıq sahəsində özünü göstərib. Pambıq məhsulunun yarısı tarlada olduğu bir ərəfədə intensiv yağışlar başladı. Bu hal heyvandarlıqda da belədir. Bəzən xəstəliklər üzündən xeyli sayda heyvan tələf olur. Amma onlar sığortalanmadığından fermer dəyən ziyanı müəyyən qədər də olsa kompensasiya edə bilmir. Bütün hallarda hesab edirəm ki, təbliğat, reklam işləri ilə məhsulların sığortalanması sahəsində müəyyən irəliləyişlərə nail olmaq olar”. 
Rüfət NADİROĞLU