Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb

18 Oktyabr 2017 12:27 (UTC+04:00)

Bu ilin 9 ayı ərzində Azərbaycanda daxili və xarici turistlərin sayı 3,5 milyon nəfər olub.

Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

N.Səmədov qeyd edib ki, bu il ərzində Azərbaycana 2 milyon 271 min xarici vətəndaş gəlib. Gələn turistlərin sayında artım daha çox Rusiya, İran və ərəb ölkələri üzrə müşahidə olunub.

N.Səmədov deyib ki, bu ilin yay aylarında daxili turizm sahəsində 20 faiz artım olub. Yalnız iyun-avqust aylarında regionlarda 860 min nəfər istirahət edib.

N.Səmədov bildirib ki, bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşlar ölkədə bank kartları vasitəsilə 703 milyon manat ödəyiblər. Ötən il ərzində isə bu məbləğ 603 milyon manat təşkil edib. Ümumi hesablamalara görə, xarici vətəndaşlar ölkədə ümumilikdə 1,3 milyard manat xərcləyiblər.

N.Səmədov əlavə edib ki, Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb: "Ölkədə 1441 turizm şirkəti qeydiyyatdan keçib".

N.Səmədov səyahət edən turistləri müqavilə bağlamağa da çağırıb.

trend