Bu il 586 narkoman qeydiyyata götürülüb

18 Oktyabr 2017 13:06 (UTC+04:00)

Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilən şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 19601 nəfər keçib. Onlardan 1090 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 586 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Movqe.az-a  verilən xəbərə görə, Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin edilib və 1563 nəfər ekspertizadan keçirilib.

Onlardan 943 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib, mülkü işlə bağlı narkoloji tibbi müəsssisəsində məcburi müalicədə olan narkomanlıq xastəliyinə dücar şəxslərin ümumi sayı 27 nəfərdir, onlardan isə 12 nəfərinin müalicəsi hazırda davam etdirilir.

Həmçinin, 9 ay ərzində 2582 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 939 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1454 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 216 xəstə müalicə alır. Onlardan 167 nəfəri Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir. 

Zülfiyyə QULUYEVA