Axtarışda olan iki azərbaycanlı Qazaxıstandan ölkəmizə göndərildi

18 Oktyabr 2017 16:37 (UTC+04:00)

Beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının iki vətəndaşı Qazaxıstanda saxlanılaraq ölkəmizə ekstradisiya ediliblər.

DİN-dən verilən məlumata görə, respublikanın daxili işlər orqanları ilə İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, həmçinin beynəlxalq axtarışa verilən şəxslərin saxlanılması və ölkəyə ekstradisiya olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.

Belə ki, həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıblar.

Bununla əlaqədar Azərbaycan və Qazaxıstan Respublikalarının tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq S.Tağıyev və K.İbrahimovanın ölkəmizə ekstradisiyası təmin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin açılması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyaların tələbləri çərçivəsində digər dövlətlərin İnterpol MMB-ləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı işgüzar əlaqələrinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

milli.az