"Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir

19 Oktyabr 2017 15:06 (UTC+04:00)

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasını seçki haqqında qanunu pozmaqda ittiham edib.

 
APA-nın yerli bürosunun məlumatına görə, “Avropalı Gürcüstan” Partiyasının ldierlərindən biri Giorgi Kandelaki brifinqdə deyib ki, hakim partiyanın Axalkalaki bələdiyyəsinə majoritar namizədləri arasında Ermənistan vətəndaşları var: ““Gürcü Arzusu”nun Axalkalaki bələdiyyəsi üzrə namizədləri Karapet Paloyan, Eduard Elizyan və Edik Berikyan Ermənistan vətəndaşlarıdır. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşları seçkiyə qatıla bilməz. Hakim partiyadan həmin namizədlərin geri çağırmağı tələb edirik”. 

G. Kandelaki adları qeyd olunan şəxslərin Ermənistan vətəndaşı pasportlarının surətlərini təqdim edib.
 
“Gürcü Arzusu” məsələyə hələ münasibət bildirməyib.