"Qarabağ" - "Atletiko" qarşılaşmasından sonra daşınan sərnişinlərin sayını açıqlayıb

19 Oktyabr 2017 15:59 (UTC+04:00)

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Atletiko" futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi (BNA) missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Movqe.az-a BNA-dan verilən məlumata görə, oyun günü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək) 31 sayda marşrut xətti üzrə 23 182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib.

"Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün əhaliyə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən "Qarabağ" futbol komandasına isə yeni və daha böyük uğurlar arzulayırıq", - deyə məlumatda vurğulanıb.