Tbilisidə məktəb direktoru azərbaycanlı şagirdin təhqir olunmasına münasibət bildirib

19 Oktyabr 2017 21:00 (UTC+04:00)

Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu bildirilən 67 saylı ictimai məktəbin direktoru Mariam Tavartkiladze bugünkü etiraz aksiyasına münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, direktor məktəbin intizam komitəsinə etnik mənsubiyyətlə əlaqədar diskriminasiya faktı ilə bağlı şikayətin daxil olduğunu deyib. “Fakt sübut  olunsa, əlbəttə ki, məktəb buna göz yummayacaq və reaksiya verəcək”, - deyə M. Tavartkiladze vurğulayıb.
 
Gürcüstanın Sosial Xidmət Agentliyi öz növbəsində məktəbdəki vəziyyəti araşdırmağa başlayıb.
 
Xatırladaq ki, bu gün səhər 67 saylı məktəbin bir qrup şagirdi məktəbin kimya müəllimi Dodo Kezuaya qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları müəllimin şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verdiyini iddia ediblər. D. Kezuanın azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilib.