Serj Sarkisyanın gicliyi

20 Oktyabr 2017 09:00 (UTC+04:00)

“Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  bildirib. Azərbaycan Prezudentinin köməkçisi Novruz Məmmədov tərəfindən də eyni mövqe sərgilənib. Bu fikirlər bir neçə gün əvvəl İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra erməni rəhbərinin verdiyi açıqlamalara rəğmən səsləndirilib. Elə isə, nə baş verib?! 

Uzun illərdir ki, iki qonşu ölkə qarşılıqlı münasibətlərdə müharibə şəraitindədirlər. Ona görə ki, Ermənistan öz hamilərinə arxalanaraq Azərbaycanın beynəlxalq birlik və təşkilatlar tərəfindən tanınan ərazisinin 20 faizini işğal edib. İndi elə bir şərait yetişib ki, Azərbaycan öz hərbi-siyasi qüdrəti və beynəlxalq birlikdə tutduğu mövqeyə görə nəinki torpaqlarını silah gücünə azad etməyə, hətta onun hamilərinə də lazımı cavab verməyə qadirdir. Lakin humanist ideyalar çərçivəsində məsələni danışıqlar yolu ilə həll etməyə daha çox üstünlük verilir. Bu mənada Minsk Qrupu, ayrı-ayrı dövlətlər tərəfləri danışıqları bərpa etməyə, münaqişəni beynəlxalq norma və hüquqlar çərçivəsində həll etməyə çağırırlar. Cenevrə görüşü də bu səylərin nəticəsi idi. 
Prinsipcə, görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə yaydıqları bəyanatda müəyyən ümidverici notlar səslənmişdi.  
Nazir bildirib ki, bu, prezidentlərin birgə bəyanatı idi: “Serj Sarkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil”. O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar substantiv olmalıdır. Görüş konstruktiv mühitdə keçib. Bununla bağlı verilən bəyanatı bir çox siyasətçilər və siyasi ekspertlər müsbət dəyərləndirmişdilər. Lakin sonra baş verən bəzi hadisələr Sarkisyanın simasında erməni tərəfinin səbatsızlığını ortaya çıxardı.
Azərbaycan Prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Ermənistan dövlət başçısı Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində təşrif buyurur və erməni diasporunun nümayəndələri ilə görüşün nəticələri barədə danışaraq deyir: “İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik...”. Onun bu çıxışı barədə Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib.
Əgər dövlət başçısı mühüm siyasi dialoqu bu cür cəfəng oyuna çevirirsə, ondan sülhpərvər addım yaxud konstruktiv rəhbərlik gözləmək olarmı? Axı, bu dərəcədə məsuliyyətsizlik edən bir şəxsin prezident olmasının özü absurd mahiyyətə malikdir. Belə olan təqdirdə, mətbuatda Sarkisyan haqda dərc olunmuş materialları xatırlamaq kifayətdir. Bu tip yazılardan birində onun kriminal keçmişi barədə video yerləşdirilmiş və “avtoritet” (məşhur, sözübütöv cinayətkar) kimi xarakterizə edilmişdi. Amma yazıda deyilənlərlə videoda görünənlər ziddiyyət təşkil edirdi. Yeyib-içmək məclisinin iştirakçıları arasında büzüşüb oturmuş gənc Sarkisyanın dəstədə əlaltı rolu oynadığı təsvirlərdən aydın görünür. O görkəmin sahibi daha çox “işverən”, “ipiqırıq” adam təsiri bağışlayır. İndi Cenevrə görüşündən sonra baş verənlər bu faktları təsdiq edir və dövlət işinə yaramayan kadr olduğunu təsdiqləyir. Çünki, Cenevrə görüşündə konstruktiv qərarların qəbul edilməsini erməni xalqı da gözləyirdi. Ancaq Sarkisyan ikiüzlülüyü ilə bu ümidi öldürdü,  Ermənistanı müharibə şəraitindən çıxarmağı bacarmadı. Ölkəni iqtisadi blokadadan, səfalətdən, kasıblıqdan və gələcəksizlikdən qurtarmağı bacarmayan prezident xalqın nəyinə gərəkdir?! Siyasi dəyanətdən uzaq rəhbərə hansı siyasətçi etimad göstərər?! Bununla əslində Sarkisyan gələn ilin aprelində ölkənin əsas postu olacaq baş nazir vəzifəsini tutmaqdan da məhrum olub. İndi erməni xalqı Sarkisyansız rəhbərlik haqda mübarizə aparır. Bu, ölkənin hazırkı vəziyyətində labüd və gərəkli yoldur. Serj Sarkisyan isə güman ki, öz aləmində biclik edib irəli süşüb, amma əslində geri düşdüyü üçün bu hərəkəti onun gicliyini göstərir.

N.NOVRUZ