Azərbaycandan "Şərq Tərəfdaşlığı" Proqramına üzv dövlətlərə münasibətlə bağlı haqlı irad

20 Oktyabr 2017 09:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə "Şərq Tərəfdaşlığı" Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini bildirib. Amma hələ də eyni münasibət göstərilmir, xüsusən də münaqişələrlə bağlı. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoyun fikrincə, münaqişələrə münasibətdə, xüsusən də MDB məkanındakı Avropa Birliyinin fərqli münasibət göstərməsi onun ikili standart siyasətindən qaynaqlanır: “Ümumiyyətlə, beynəlxalq münasibətlərdə hadisələrə birmənalı münasibət yoxdur. Dövlətlərin müxtəlif problemlərə yanaşmaları bəzən çox fərqli olur. Bu fərqlilik də əlaqədar ölkələrin milli maraqlarından irəli gələ bilər. Məsələn, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ora üzv dövlətlərə eyni münasibətin göstrilməməsi Avropa Birliyinin müxtəlif maraqlarından yarana bilər. Həmçinin, belə bir mövqeyin formalaşmasında əsas rol sahibi olan aktyorlar, siyasilər və bürokratik aparatın yanaşması da öz sözünü deyə bilər. 
Digər tərəfdən, belə bir mövqeyin formalaşmasına kənardan kömək edən aktyorlar, lobbi birlikləri, müəyyən fikir adamları da olur. Hesab edirəm ki, Avropa Birliyinin Cənubi Qafqaza yönəlik ümumi münasibət və yanaşmasında bənzərliklər çoxdur. Həm Azərbaycan, həm də Ermənistanın Avropa coğrafiyasının bir parçası olması, , “Şərq Tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlıq və onun gücləndirilməsi məsələsində ümumi paralelliklər var. 

Ancaq münaqişələr məsələsində qurumun yanaşmasında ikili standartların mövcud olduğu və belə bir mövqeyin doğru olmadığını düşünürəm. Belə bir yanaşmanın yaranmasında erməni lobbisinin, prosesdə maraqlı olan siyasi aktorların da təsiri ola bilər. Avropada Dağlıq Qarabağ məsələsilə bağlı Azərbaycana yönəlik mənfi yanaşmanı göstərən çevrələrin də mövqeyi ola bilər. Burada Azərbaycanın da üzərinə düşən məqamlar var. Yəni mövcud durum cəmiyyət, xalq, dövlət və lobbi təşkilatları olaraq bu məsələdə daha çox iş görməli olduğumuzu göstərir”.   
Politoloq Elşən Manafovun fikrincə, AB-nin “Şərq Tərəfdaşlığı” Proqramına üzv dövlətlərə, xüsusən də buradakı münaqişələrə münasibətdə fərqli yanaşma tərzi sərgiləməsinin kökündə xristian və dini təəssübkeşlik amili dayanır: “Azərbaycan Prezidentinin Polşa XİN rəhbəri ilə görüşündə Avropa Birliyinin münaqişələrə münasibətdə “Şərq Tərəfdaşlığı” Proqramına üzv dövlətlərə eyni münasibət göstərmədiyini vurğulaması təbii ki, qurumun ölkəmizlə bağlı siyasətində qərəzli amilləri qabartmaq istəyindən irəli gəlir. Təəssüflər olsun ki, istər Avropa Şurası, istərsə də, Avropa Birliyinin Dağlıq Qarabağ probleminin çözülməsilə bağlı məsələyə münasibəti heç də həmişə birmənalı olmayıb. Burada daha çox ikili standartlar özünü büruzə verib. Təəssüf ki, hər iki qurum özlərinin əsasnaməsindən irəli gələn prioritet dəyərlərə heç də həmişə diqqət və sayğı ilə yanaşmayıblar. Hətta Birliyin mövcud münaqişəyə münasibətində xristian təəssübkeşliyi faktorları da özünü büruzə verir.  Bunun da kökü zamanında Avropa Birliyinin xristian klubu kimi yaradılması amillərindən qaynaqlanır. 
Zamanında Türkiyənin baş naziri Tansu Çillər də bəyan etmişdi ki, Ankaradı Avropa Birliyində görmək istəməyən dövlətlər var. Birliyin bu gün İslam dünyasında baş verən və geosiyasi mahiyyət kəsb edən hadisələrə münasibətdə sərgilədiyi mövqe də göstərir ki, xristian təəssübkeşliyi faktoru əvəllər olduğu kimi hazırda da özünü qabarıq şəkildə göstərməkdə davam edir. Həmin ölkələrin müsəlman ölkələrindən olan miqrant probleminə münasibəti heç də Avropanın müəyyən etdiyi dəyərləri özündə ehtiva etmir, AB-yə daxil ölkələrin mövcud qanunvericiliyi ilə daban-dabana ziddiyyət təşkil edir. Bu mənada Azərbaycan da müsəlman və türk ölkəsi olduğundan AB və AŞPA-nın ölkəmizə münasibətdə sərgilədiyi mövqedə də xristian təəssübkeşliyi amili özünü büruzə verir. Təbii ki, geniş karbohidrogen ehtiyatlarına malik Azərbaycanla AB düşünülmüş siyasət  yürütməyə məcburdur. Çünki bölgənin lider dövləti olan Azərbaycanla münasibətlərində AB özünün geosiyasi maraqlarından çıxış edir. Qurum ölkəmizin şimal, cənub, qərb və şərq kommunikasiya xətlərinin üzərində yerləşməsini nəzərə alır. Qərb siyasətçiləri başa düşürlər ki, perspektivdə Avropanın Rusiyadan qaz asılılığından qurtulması üçün məlum kəmərlər daim rentabelli olmalıdır. Zamanında fransız yazıçısı Viktor Hüqo Avropa Birliyi kimi mötəbər təşkilatın yaradılması ideyasını irəli sürərkən burada da din faktoru özünü qabarıq şəkildə göstərmişdi”.
Rüfət NADİROĞLU