Azərbaycan Qərb üçün strateji tərəfdaş statusu qazanır

20 Oktyabr 2017 09:15 (UTC+04:00)

"Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşıdır." Bu barədə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "New Eastern Europe" nəşrinə müsahibəsində Bakı və Brüssel arasında yeni saziş imzalanması ilə bağlı məsələni şərh edərkən bildirib: "Əlaqələrimizi təkmilləşdirmək və 1996-cı ildən qalan tərəfdaşlıq və əməkdaşlıq haqqında cari sazişi əvəz edəcək yeni ikitərəfli saziş çərçivəsində onu tam potensialına qədər inkişaf etdirmək niyyətindəyik”.

Onun sözlərinə görə, bu saziş ümumi fundamental dəyərlər, prinsiplər əsasında yeni qlobal, sektoral və iqtisadi qarşılıqlı maraqlar, eləcə də yaşanılan çətinliklər nəzərə alınmaqla əlaqələri genişləndirəcək və dərinləşdirəcək. Aİ komissarı yeni sazişin siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcəyini də əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin növbəti müzakirə mərhələsi gələn həftə keçiriləcək. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Səfir bildirib ki, müzakirələr oktyabrın 26-27-də Bakıda baş tutacaq: “Bu görüşdə sazişin bütün detallarına dair intensiv danışıqlar olacaq”.Ekspertlərin sözlərinə görə, yeni saziş qarşılıqlı münasibətlərdə yeni mərhələ deməkdir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, Azərbaycan Avropa üçün mühüm strateji tərəfdardır: “Bunu Avropa Birliyinin rəsmiləri də çox gözəl başa düşürlər. Ancaq çox təəssüf ki, bu qurumun bəzi strukturlarında tərəfdaş olmağı kiminsə tərəfində olmaq qədər primitiv bir şəkildə görmək istəyən qüvvələr hələ də mövcuddur. Belələri birdəfəlik başa düşməlidilər ki, Azərbaycan heç kimin tərəfində deyil və heç vaxt heç kimin tərəfində olmayacaq. Onun müstəqil, balanslaşdırılmış xarici siyasəti var və bu siyasət Azərbaycan dövlətinin maraqlarına tam cavab verir.
Avropa Birliyi ilə əmkdaşlıq bizim üçün maraqlı olduğu qədər Avropanın özü üçün də vacibdir. Bu gün  Azərbaycan Avropanın qaz təchizatında yaşanan problemlərin həllində öz sözünü demək qədər bir səviyyəyə yüksəlib. Rusiya qazından asılılıq probleminin çözülməsində Azərbaycandan Avropaya yönəlmiş «Cənub Qaz Dəhlizi» layihəsi qoca qitənin on illər boyu həll etmək istədiyi şaxələndirmə probleminin çözülməsində öz sözünü deyəcək. Bir sözlə, Azərbaycan Avropa üçün çox əhəmiyyətli bir tərəfdaşdır. Bir tərəfdaş kimi onu başqalarından daha maraqlı edən bir çox ciddi məqamlar ortadadır. Bu səbəbdən də yeni saziş iki tərəf arasında tərəfdaşlığın daha da dərinləşməsinə və onu daha çox qarşılıqlı faydalı etməyə yönəlmiş sənəddir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov  bildirdi ki, xarici ticarətdə ən böyük göstərici Avropa Birliyinin payına düşür: “Eyni zamanda Avropa Birliyi Azərbaycan üçün yeni təcrübənin, innovasiyaının, texnologiyanın transferi baxımından vacib tərəfdaşdır. Nəticədə tərəflər arasında münasibətlərin genişlənməsi üçün mühüm bazar formalaşıb. Azərbaycan AB-nin enerji təhlükəsizliyində mühüm yer tutur. Xüsusən də 2019-cu ildən başlayaraq, Azərbaycanın AB-nin enerji təhlükəsizliyindəki yerinin və rolunun artacağı gözlənilir. O baxımdan AB də Azərbaycan üçün vacib tərəfdaşlardan biridir”.
Ekspert əlavə etdi ki, strateji sazişin hazırlanması tərəflər arasında əməkdaşlığın inkişafında yeni mərhələ anlamına gəlir: “Bu da hər iki tərəfin maraqlarına uyğun əməkdaşlığın formalaşmasına imkan verəcək. Nəzərə alaq ki, saziş fərqli sahələri əhatə edir. İqtisadi sahələrlə yanaşı, mədəni, nəqliyyat, vətəndaş cəmiyyəti səviyyədə belə əmkdaşlıq əks olunub. O baxımdan saziş tərəflər arasında strateji əməkdaşlıq üçün vacibdir. Yeni sazişin imzalanması daha məhsuldar əməkdaşlığa imkan verəcək. Nəticə etibarı ilə bu da hər iki tərəfin strateji maraqlarına uyğundur”.  
Mübariz BAYRAMOV