"İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir"

23 Oktyabr 2017 10:36 (UTC+04:00)

Movqe.az  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malikdir: "Ona görə də Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak etməsinin həm dövlətimiz, həm də üzv ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan aktiv bir ölkə olaraq belə görüşlərə tez-tez dəvət olunur".

A.Badamov vurğulayıb ki, Azərbaycan Prezidentinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sözügedən görüşdə iştirakı bir daha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var: "Ümumiyyətlə bütün beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan birlikdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz".

Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.