Repatriasiya olunmuş şəxslərə sosial xidmətlərin göstərilməsi məsələsi nəzərdən keçirilib

23 Oktyabr 2017 10:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunan ictimai müzakirələr uğurla davam edir. “Azərbaycana repatriasiya olunmuş şəxslərin bilməsi vacib hesab olunan xidmətlər” mövzusunda olan növbəti müzakirə Bakı şəhər regional miqrasiya idarəsində keçirilib. “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəal dəstəyi ilə keçirilən müzakirədə dövlət qurumlarının, beynəlxalq təşkilatların və yerli ictimai birliklərin nümayəndələri iştirak edib. 

Müzakirəni açıq elan edən layihə əlaqələndiricisi Azər Allahverənov qeyd edib ki, miqrasiya proseslərinin təhlili göstərir ki, son illər vaxtilə xarici ölkələrdə yaşayıb sonradan obyektiv ya da subyektiv səbəblər ucbatından Azərbaycana qayıdan vətəndaşların sayı durmadan artır. Təkcə Avropa İttifaqı, o cümlədən ayrıca olaraq bir sıra Avropa ölkələri ilə imzalanmış readmissiya sazişləri ilə bağlı uğurla icra olunan işlər çərçivəsində 2014-2016-cı və 2017-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikasına geri qayıdanların sayı 286 nəfər təşkil edib. Bundan başqa həmin sazişlərdən kənar da geri qayıdan şəxslər var ki, bu sahədə vacib olan məsələ ilk əvvəl bu şəxslərin konstitusion hüquqlarının təmin olunmasıdır. 
Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsinin əməkdaşı Yenilə Abdullayeva Azərbaycan Respublikasına geri qayıdan şəxslərlə bağlı Xidmət tərəfindən həyata keçirilən işlər barədə məlumat verib. Xidmət nümayəndəsi bildirib ki, geri qayıdan şəxslər artıq ölkədə olarkən həllini tələb edən bir sıra sosial məsələlərlə üz-üzə qalırlar. Əmək məşğulluğu, sığınacaq yeri, tibbi dəstək, sosial-psixoloji reabilitasiya və digər məsələlərin həlli qurumlar arasında əlaqələndirmə işlərinin təkmil qurulmasını tələb edir. Bu səbəbdən geri qəbul edilmiş şəxslərin cəmiyyətə  reinteqrasiyası işinin aidiyyəti dövlət qurumları ilə birgə operativ həll edilməsi üçün  müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsinin “Geri qayıdış və reinteqrasiya” adlı 5-ci komponenti barədə məlumat verən layihə müşaviri Səltənət Məmmədova qeyd edib ki, bu komponent çərçivəsində həyata keçirilən layihənin vacib elementi maariflənmə ilə əlaqədardır. Bu səbəbdən MOBİLAZE layihəsi çərçivəsində “Xaricdə yaşadıqdan və Azərbaycana qayıtdıqdan sonra nəyi bilməlisiniz” adlı məlumatverici buklet hazırlanıb və bu vəsait müvafiq dövlət qurumları ilə əlaqələndirilərək geri qayıdan şəxslər arasında paylanılır. 
Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova təsir altına düşərək xarici ölkələrdə fəaliyyət göstərən radikal qrupların tərkibinə daxil olan şəxslərin ailə üzvlərini, xüsusilə də onların həyat yoldaşlarını və uşaqlarını gözləyən təhlükələr barədə danışıb. Politoloq bildirib ki, bu kateqoriyaya aid edilən qadın və uşaqlar artıq Azərbaycana geri qayıtmağa başlayıb və bu səbəbdən dövlət qurumları həmin şəxslərlə bağlı müəyyən inteqrasiya proqramına malik olmalıdır.
 “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyinin sədri Taleh Məmmədov əcnəbilərlə nikaha daxil olan və xaricə gedən xanımların sonradan taleləri barədə danışıb və qeyd edib ki, həmin qadınların müəyyən bir qismi hüquqi, sosial və digər problemlərlə üzləşirlər və yenidən Azərbaycana qayıdırlar. Məhz bu məqama da xüsusi diqqət yetirmək və həmin problemlərin qarşısını ala biləcək məlumatlandırma işi aparmaq lazımdır. 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Şərqiyyə Dadaşova, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hüquq şöbəsinin əməkdaşı Samirə Allahverdiyeva, “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Qənimət Məmmədov, “Həyat” təşkilatının nümayəndəsi Zəminə Səfərova və digər iştirakçılar geri qayıdan şəxslərin artıq ölkədə olarkən rast gəldikləri problemlər barədə danışıblar və həmin problemlərin aradan qaldırılması ilə bağlı təklif və tövsiyələrini bildiriblər.