Tezel azərbaycanlılardan üzr istəyib, keçmiş deputatı günahlandırdı - FOTO

23 Oktyabr 2017 11:49 (UTC+04:00)

"Qarabağ"ın azarkeşləri ilə bağlı yazısına görə tənqidlərə məruz qalan "Sabah" qəzetinin köşə yazarı Mevlut Tezel azərbaycanlılardan və Ağdam klubunun azarkeşlərindən bir daha üzr istəyib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, daha öncə sosial şəbəkədəki hesabında üzrxahlıq edən idman yazarı bu dəfə eyni addımı köşə yazısında atıb. Tezel "Sabah" qəzetinin saytında yer alan, "Heç kim Azərbaycana və "Qarabağ"a olan sevgimizi sorğulaya bilməz" başlıqlı yazısında baş vermiş hadisəyə görə Türkiyə Milli Məclisinin keçmiş deputatı, Millətçi Hərəkət Partiyasının (MHP) üzvü Sinan Oğanı günahlandırıb. O, sabiq millət vəkilinin "Tvitter"də yazdığı şərhlə məsələni qəsdən böyütdüyünü, azərbaycanlıları ona qarşı qaldırdığını yazıb. Çalışdığı "Sabah" qəzetinin daim bu cür təzyiqlərə məruz qaldığını bildirən yazar, sosial şəbəkələrdə yayılmış erməni olması və bu millətə dəstək verməsilə bağlı iddiaların heç bir əsası olmadığını bildirib.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş "Qarabağ" - "Atletiko" matçını (0:0) Bakı Olimpiya Stadionundan izləyən "köhlən atlar"ın fanatlarından bir qrupu A4 kağızlarına "Qarabağ" yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran "Sabah"ın türkiyəli yazarı Mevlut Tezelin məsələyə yanaşması isə belə olmuşdu: "Futbol tarixinin ən kasıb, ən əzik, ən komik "koreografisi" bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini".