"Maşın" şouda aparıcı xanımların bayağı ifadələrinə MTRŞ-dan reaksiya: "Özləri şouda bir..."

23 Oktyabr 2017 12:29 (UTC+04:00)

“Efirdən vulqar ifadələr səsləndirən aparıcılar, tez-tez küçə danışıqlarına yer verən verilişlər izlənilir. Həmin aparıcılar və verilişlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi diqqət mərkəzindədir”. Bu sözləri Movqe.az-a açıqlamasında MTRŞ-nın Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov söyləyib. T. Dadaşov bildirib ki, efirdə nalayiq ifadələrin, jarqon danışıqların monitorinqi davamlı olaraq aparılır: “Belə verilişlər, aparıcılar xüsusi diqqətimizdədir. Çünki, MTRŞ tərəfindən bu cür neqativ məqamların hər biri monitorinq zamanı qeydə alınır”.

T. Dadaşov “Maşın” realiti şousunda da küçə danışıqlarının, vulqar ifadələrin  verilişin aparıcısının yox, iştirakçıların dilindən səsləndiyini qeyd edib: “ “Maşın” realiti şosunda da çox təəssüf ki, aparıcı olan şəxslər efirdən vulqar ifadələr səsləndirirlər. Əvvəllər xəbər aparıcısı olmuş Vüsalə Kərimova, Ülviyyə Alovlu vaxtıilə aparıcılıq edən şəxslərdir. Onların efirdən bayağı ifadələr səsləndirməsi təəssüf doğurur. Halbuki, onlar özləri şouda danışıqları, davranışları ilə bir nümunə olmalıydılar”.

Zülfiyyə QULUYEVA