Azərbaycan Ermənistana qarşı daha bir mühüm beynəlxalq platforma əldə edir

24 Oktyabr 2017 08:00 (UTC+04:00)

Məlumdur ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirib. O,  təşkilatın güclənməsi və böyüməsi üçün bir sıra islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb. Bu fonda gündəmə gələn məsələlərdən biri Azərbaycanın quruma üzvlüyüdür. Ekspertlər üzvlüyü mümkün hesab edirlər. Bu isə ölkəmizə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yeni platforma, tribuna deməkdir. 
Qeyd edək ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov üzvlük məsələsinə “Azərbaycanın D-8 təşkilatına üzvlüyündə bir problem görmürəm” deyərək münasibət bildirib. 
Millət vəkili Elman Nəsirov bildirdi ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilata sərdlik Pakistandan Türkiyəyə keçdi: “Türkiyə də ev sahibi kimi yalnız bir dövləti xüsusi qonaq qismində dəvət edə bilərdi. Bu, Azərbaycan-Türkiyə dostluğunun bir daha göstəricisidir. Türkiyə Prezidenti iki il ərzində artıq ikinci dəfədir ki, Azərbaycan Prezidentini belə yüksək tədbirə dəvət edir. Bununla da Azərbaycan üzv olmadığı təşkilatların tədbirində iştirak edir. 
Şübhəsiz ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı perspektivli təşkilatlardan biridir. O səbəbdən ki, böyük təbii resurslara, iqtisadi potensiala malik İslam ölkələrindən ibarətdir. Eyni zamanda əhalinin sayı baxımından da dinamik inkişaf edən ölkələrdir. İqtisadi potensialları o qədər böyükdür ki, bu ölkələr ticarət dövriyyələrini hətta 500 milyard dollara çatdırmaq imkanları var. Azərbaycanın belə bir tədbirdə iştirakı o baxımdan əhəmiyyətlidir ki, Prezident İlham Əliyev belə yüksək platformalardan Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün istifadə edir. Müsəlman ölkələri təmsil edildiyindən əsas tezis o oldu ki, məscidləri məhv edən dövlətdən – Ermənistandan müsəlmana dost ola bilməz. 
Müsəlman ölkələri bilməlidirlər ki, dini abidələri məhv edənə qarşı birləşib müxtəlif addımlar atmaq lazımdır. O baxımdan Azərbaycanın həmin təşkilata üzv olması böyük potensial yaradır. Yəqin ki, Prezident İlham Əliyevin tədbirdə iştirakı gələcəkdə Azərbaycanın təşkilatda üzv kimi iştirakını da gündəmə gətirə bilər. Bu da  Azərbaycan üçün növbəti platforma olacaq. Həm təşkilat, həm də iştirakçı baxımından həmin ölkələrlə əlaqələrini daha da inkişaf etdirəcək. Eyni zamanda təşkilat çərçivəsində Azərbaycan Ermənistana qarşı koordinasiya olunmuş fəaliyyət həyata keçirə bilər. Diplomatik, iqtisadi baxımından təzyiqləri həyata keçirmək üçün yaxşı imkanlar yaranmış olar”. 
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da ölkəmizin sözügedən təşkilata üzv olmasını mümkün sayır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, bir neçə ölkənin bütün dünyanın taleyini həll etməsi, onlarla bağlı qərar verməsi obyektiv və demokratik dəyərlərə uyğun gəlmir. Belə bir fikir də səsləndirildi ki, qitələr üzrə kvotalar müəyyənləşməlidir: “Hər qitə üçün yerlər ayrılsın və həmin ölkələr artırılsın. Onlar Təhlükəsizlik Şurasına qəbul olunsun və bütün müzakirələr açıq keçirilisin. Onlar da müzakirələrdə Şuranın üzvləri kimi öz fikirlərini bildirsinlər”. Əslində, yaxşı təklifdir. Çünki yalnız bir neçə ölkənin 190-dan artıq ölkələrin taleyi ilə bağlı qərar verməsi obyektivliyə ciddi şübhələr yaratmış olur. 
BMT TŞ-nin elə qətnamələri var ki, dərhal icra edilir. Dağlıq Qarabağla bağlı isə BMT TŞ-nin dörd qətnaməsi hələ də icra edilməyib. Yəni, bu cür ikili yanaşmaların özü BMT TŞ-nin say tərkibinin dəyişməsini, böyüməsini tələb edir”.
Vüqar Zifəroğlu əlavə etid ki, Türkiyə Prezidentinin çıxışını həmçinin Azərbaycan-Türkiyə münasibətləri baxımından dəyərləndirmək lazımdır: “Türkiyə Prezidenti artıq ikinci dəfədir Azərbaycan Prezidentini xüsusi qonaq qismində yüksək səviyyəli tədbirə dəvət edir. Bundan əvvəl "Böyük iyirmilik" ölkələrinin sammitinə də dəvət etmişdi. Bunun özü Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər yaxın olması baxımından dünyaya mesajdır.
Prezident İlham Əliyevin çıxışında eyni zamanda İslam həmrəyliyinə yönəlik fikirlər də yer aldı. Yaxın Şərqdə baş verən proseslər İslam sivilizasiyasının inkişafını qarşısını alan proseslərdir. Azərbaycan isə 2017-ci ildə “İslam Həmrəyliyi ili” elan etməklə İslam dünyasına birlik, bərabərlik mesajı verdi. Yəni, etiqad tolerantlığı nümayiş etdirdi. Bu mənada Azərbaycan Prezidentinin həmin tədbirdə çıxışı, İslam dünyasında mövcud bir sıra probemlərə toxunması müsbət qiymətləndirilməlidir”. 
Mübariz BAYRAMOV