Yerli dərman istehsalına böyük zərurət yaranır

7 Mart 2013 07:08 (UTC+04:00)

Son illər Azərbaycanda dərman bazarının daha sürətlə inkişaf etdiyi müşahidə olunmaqdadır. Bunu apteklərin sayının artması və dərman çeşidlərinin çoxalması da təsdiq edir. Sovet dövründə Bakı şəhərində barmaqla sayılacaq qədər apteklər var idi. Rayonlarda bir-iki əczaçıxana fəaliyyət göstərərdi. Hazırda apteklərin sayı marketlərin sayı qədər artıb.

Müşahidələr göstərir ki, satışa çıxarılan dərmanların böyük əksəriyyəti xarici istehsalıdır. Rusiya, Ukrayna, Çin, Türkiyə, Amerika və dünyanın bir sıra ölkələrindən Azərbaycana idxal olunan dərmanların illik dövriyyəsi milyonlarla manat həcmində ölçülür.

İndi belə təkliflər səslənir ki, Azərbaycan tələbatın çox olduğu dərmanları özü istehsal etsin. Bu, əhalinin keyfiyyətli dərmanla təminatı ilə yanaşı, qiymətlərin aşağı düşməsinə, yeni iş yerlərinin açılmasına, bu sahə üzrə peşəkar kardrların hazırlanmasına da gətirib çıxarardı.

Bir neçə il əvvəl paytaxtda dərman istehsal edən zavodun yaradılacağına dair fikirlər səslənirdi. Qeyd olunurdu ki, zavodun açılması qiymətlərin aşağı düşməsinə və idxaldan asılılığın aradan qaldırılmasına gətirib çıxaracaq. Lakin hələlik bu baş vermədi. Onu da bildirək ki, hər il Azərbaycana xaricdən orta hesabla 130 milyon manatlıq dərman preparatları gətirilir. Yerli istehsal isə heç bir milyon manata çatmır. Qeyd edək ki, əhalisinin sayına görə Azərbaycandan geridə qalan Moldova, Bolqarıstan, Masarıstan, Polşa, Rumıniya, Belarus kimi ölkələrdə yerli dərman istehsalı inkişaf edib.

Ekspertlər bildirirlər ki, Səhiyyə Nazirliyi strateji dərman preparatlarının daxildə istehsalını stimullaşdırmalıdır.

Tibb üzrə professor Adil Qeybullanın sözlərinə görə, sosial sahələr üzrə istehsal müəssisələri yaradılarkən onun iqtisadi səmərəliliyi arxa plana keçməlidir: "Azərbaycan dərman istehsalı sahəsində tamamilə xaricdən asılı vəziyyətdədir. Dərman satışından böyük gəlirlər əldə edənlər var. Hazırda Azərbaycanda əsasən "Leyner" məlhəmi və "Teymurov" pastası istehsal olunur ki, bir ara onların da istehsalını dayandırmaq istədilər. "Teymurov" pastası bizim öz ixtiramızdır".

A.Qeybullanın sözlərinə görə, Azərbaycanın dərman şirkətləri mövcud potensialla dərman istehsal edə bilməzlər: "Dərman istehsalı üçün texnoloji avadanlıqlar, kadrlar, hammal olmalıdır. Bizdə bu sahə o qədər zəif inkişaf edib ki, sıfırdan başlamaq lazım gəlir. Yaxşı olardı ki, dərman istehsalı sahəsində ixtisaslaşmış xarici şirkətləri bu prosesə cəlb edək. Müştərək istehsal müəssisələri yaratmaq mümkündür. Azərbaycan dərman istehsalından əldə olunan gəlirlərdən müvəqqəti olaraq imtina edə bilər. Əsas odur ki, istehsal potensialı yaradılsın. Dərman istehsalının ənənəsi qoyulsa, inkişaf öz-özlüyündə yaranacaq. Strateji dərmanlar hesab olunan antibiotiklər, vitaminləri biz özümüz də istehsal edə bilərik. Dövlətin dəstəyi olmadan heç kəs dərman istehsalına girişməyəcək. Çünki farmokoloji biliyi olanlar dərman satışından onsuz da, kifayət qədər gəlir əldə edirlər. İstehsal bəlkə də onlara sərf etmir. Dövlət bu məsələni stimullaşdırsa, yerli istehsal müəssisələrinin yaradılmasına iş adamları arasında maraq çoxalar".