Qarabağ münaqişəsinə laqeydliyin dünya üçün ciddi fəsadları üzə çıxır

25 Oktyabr 2017 07:00 (UTC+04:00)

Ötən əsrin 90-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hal var. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib: "Bu münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsində yaranmayıb. Bunlar xüsusən Qərb dövlətlərinin apardığı siyasətin nəticəsində ortaya çıxıb. Bu gün artıq bumeranq kimi Avropanın özünə qayıdır. Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur, bunu heç təsəvvür etmək belə istəmirsən. Onlar əvvəldən separatizmə bağlı ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün bu gün belə problemlərlə üzləşirlər. Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizdən separatizmə qarşı mövqe bildirməyimizi istəyirlər". Novruz Məmmədovun dediyi kimi Qarabağ münaqişəsinin vaxtında həll edilməməsi  dünya miqyasında separatizmə əlavə stimul yaradan hal sayıla bilərmi?

Politoloq Elşən Manafov bildirdi ki, məhz Dağlıq Qarabağ konfliktinə münasibətdə dünya güclərinin sərgilədiyi ikili standartlar sonda gətirib dünya miqyasında yeni-yeni separatizm ocaqlarının baş qaldırmasına rəvac verib: “Beynəlxalq güclərin zamanında Dağlıq Qarabağ münaqişəsinə biganə və laqeyd yanaşmaları həmin problemin lokal çərçivədən beynəlxalq çərçivəyə keçməsinə səbəb oldu. Nəticə etibarı ilə istər o zamankı Rusiya rəhbərliyinin, istərsə də prosesin tənzimlənməsində ilk baxışda maraqlı olan tərəflərin, Avropa Birliyi, ABŞ-ın münaqişəyə, onun doğurduğu problemə münasibətdə müəyyən mənada laqeyd və ikili standartlardan çıxış etməsi MDB məkanında digər konflikt ocaqlarının yaranmasına da rəvac verdi. Məhz Dağlıq Qarabağ münaqişəsi separatizm kontekstində bütün sovet imperiyası məkanında metastaz verən bir münaqişə oldu. Nəticədə sovet imperiyasının çökməsində məlum münaqişələrin özünəməxsus rolu oldu. 
Nəhəng bir imperiyanın çökməsinin başlanğıcı məhz Dağlıq Qarabağ ətrafında baş verən olaylardan başladı. Bu mənada hazırda İspaniya və İtaliyada separatizm kontekstində müəyyən olayların baş verəcəyi də tamamilə gözləniləndir. İspaniya görürük ki, indi separatizmdən ciddi əziyyət çəkir. Bu ölkənin Kataloniya əyalətində baş verən hadisə, İtaliyanın Lombardiya vilayətində seçicilərin əksəriyyətinin bölgənin Romadan ayrıla biləcəyilə bağlı sərgilədiyi mövqe, havelə Sardiniya və Siciliyada belə hadisələrin yaşanma ehtimalı göstərir ki, Avropa separatizm adlı ciddi, qorxunc bir sınaq qarşısındadır. Əslində, separatizmin özü beynəlxalq güclər tərəfindən maliyyələşdirilən, istiqamətləndirilən bir tendensiyadır. Zamanında beynəlxalq güclərin beynəlxalq hüququn onlara verdiyi səlahiyyətlər çərçivəsində separatizmin qarşısını ala bilərdi. O zamandan başlayaraq separatizmə qarşı vahid mövqe nümayiş etdirilsə, Qarabağ münaqişəsilə bağlı birmənalı mövqe sərgilənsəydi, nəinki MDB məkanında, ümumiyyətlə, dünyada baş verən bir çox hadisələrin qarşısı alına bilərdi. 
Əslində, separatizm beynəlxalq terrorizmə dəstək verən qorxulu və vahiməli bir tendensiyadır. Təəssüflər olsun ki, zamanında məhz Qarabağ probleminə münasibətdə sərgilənən laqeyd və ikili standart mövqeyi bu gün Avropanın özündə bir bumeranq effekti verməyə başlayıb. Bu mənada Novruz Məmmədov açıqlamalarında tamamilə haqlıdır. Zamanında Qərb dövlətləri separatçı qüvvələrə arxa olmasaydı, onlara maliyyə və dolayısı ilə siyasi dəstəyi göstərməsəydi, indi bu hadisələr öz başlarında çatlamazdı. Bu  gün Orta və Yaxın Şərqin xəritəsini dəyişəcək proseslər artıq sanki gerçəkləşmək üzrədir. Bu regionda cərəyan edən hadisələr İraq, Suriya, Türkiyə və İranın ərazi bütövlüyünə perspektivdə təhlükə yaradacaq bir hala gəlib çıxıb. Bu mənada separatçı qüvvələrə dəstək verən dövlət və onların siyasi istiblişmentlərinin maraqları “parçala və hökm sür” siyasəti üzərində qurulub. Təbii ki, separatizmin aradan qaldırılmasında ondan əziyyət çəkən xalqların da özünəməxsus rolu ola bilər. Beləliklə, ikili standartlar və dünya güclərinin maraqları separatizmə fürsət yaradan ən ciddi arqumentlərdən biridir”.
Milli Məclisin deputatı Elman Nəsirovun da fikrincə, Qərbin Qarabağ konfliktinə baxışında mövcud olan ikili standart siyasəti sonda gətirib separatizmin məhz öz yuvasında baş qaldırmasına rəvac verib: “Heç şübhəsiz, bu bir həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsi separatizmin birbaşa ən mühüm göstəricisidir. Sovetlər imperiyasının dağılmasında da erməni separatizmi bir katalizator rolunu oynadı. Belədə separatizm dalğası fonunda həmin problem yarandı və bu günə qədər beynəlxalq birlik onu həll etmək iqtidarında olmadığını nümayiş etdirir. 
Məhz beynəlxalq birliyin ikili standartlardan yanaşması separatizmin qorunub saxlanılması və daha da kəskinləşməsinə rəvac verib. Problemə belə biganə yanaşan, bir çox hallarda davranışları ilə Ermənistanı şirnikləndirən  Qərb dövlətlərinin heç ağlına da gəlməzdi ki, zaman gələcək, onlar özləri də separatizmdən əziyyət çəkməli olacaqlar. Necə deyərlər, bumeranq effekti ilə üz-üzə qalacaqlar. 
Həqiqətən də beynəlxalq təşkilatlar, böyük dövlətlər, Qərbdəki müəyyən siyasi dairələr erməni separatizminə münasibətdə qətiyyətli mövqe ortaya qoyaraq ona qarşı müəyyən təsir mexanizmlərini işə salsaydılar, bu gün Kataloniyada həmin problemlər yaşanmazdı. Hazırda Fransa, Böyük Britaniya da oxşar problemlərlə üz-üzədir. Kataloniyada baş verən hadisələr Avropanın digər bölgələrində də oxşar hadisələrin baş qaldırması yolunda sanki bir siqnal olub. Onlar əlverişli məqamı gözləyirlər ki, separatçılıq hərəkatına start versinlər. Bu nöqteyi-nəzərdən düşünürəm ki, keçən əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində erməni separatçılarının əməllərinə qarşı beynəlxalq birlik konkret addımlar atsaydı, Avropa da hazırda oxşar problemləri yaşamazdı.
Artıq cin şüşədən çıxıb. İndi əsas problem yenidən onu yerinə salmaqdır. Böyük dövlətlər bunu yalnız bir halda edə bilərlər ki, separatçılara münasibətdə eyni mövqedən çıxış edərək, birmənalı şəkildə ərazi bütövlüyü prinsipini müdafiə etsinlər. Bir halda ərazi bütövlüyünü müdafiə edib, başqa halda xalqların öz müqəddəratını təyin etməyi müdafiə etməklə separatizmə qalib gəlmək mümkün olmayacaq. Hesab edirəm ki, belə ikili yanaşmalar üzündən bu gün Avropanın özü separatizmlə üz-üzə qalıb”.
Rüfət NADİROĞLU