Avtomobil alıcılarının sayı sürətlə artır

25 Oktyabr 2017 08:00 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 6643 ədəd avtomobil idxal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2737 ədəd avtomobil və ya 70,07% artıb. Bu artım nə ilə bağlıdır? Onu şərtləndirən səbəblər hansılardır? 

Avtomobil məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, maliyyə bazarında sabitliyin hökm sürməsi, əhalinin alıcılıq qabiliyyətinin artması fonunda banklar yenidən avtomobil kreditləri verməyə başladı ki, bu da öz təsirini idxal prosesinin artmasında göstərib: “Bilirsiniz ki, məlum devalvasiyadan sonra maliyyə bazarında müəyyən qeyri-sabitlik hökm sürdü. Bu fonda Mərkəzi Bank yerli kommersiya banklarına tövsiyə etdi ki, avtomobil almaqla bağlı verdikləri kreditləri dayandırsınlar. Çünki bir tərəfdən, maliyyə bazarında hökm sürən qeyri-sabitlik, digər tərəfdən problemli kreditlərin həcminin artması Mərkəzi Bankı belə bir tövsiyə ilə çıxış etməyə vadar etdi. Buna uyğun olaraq bir neçə il bundan öncə bir çox banklar avtomobil kreditini dayandırdı. Nəticə etibarı ilə bu da bazarda müəyyən durğunluğa gətirib çıxartdı. İdxal olunan avtomobillərin sayı kəskin azaldı. 
Amma son bir il ərzində maliyyə bazarında sabitliyin hökm sürməsi, müəyyən mənada əhalinin maddi imkanının bir qədər yaxşılaşması, əldə olunan gəlirlərin həcminin artımı bankların avtosalonlar vasitəsilə yenidən kredit verməyə start vermələrinə gətirib çıxartdı. Bu da nəticə etibarı ilə istehlakçılar üçün yeni imkanlar yaradır ki, onun vasitəsilə də kredit şəklində vəsait götürməklə onlar nəqliyyat vasitəsi əldə etmək imkanlarını genişləndiriblər. Bu da istər-istəməz bazarda müəyyən canlanmaya gətirib çıxartdı. Satışa çıxarılan avtomobillərin sayının artımı və bazarda yaranan boşluğun məhz idxal olunan avtomobillər hesabına doldurulması prosesi baş verdi. Nəticə etibarı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə idxal olunan avtomobillərin sayında artımlar hiss olunur”.
İqtisadçı-ekspert Yaşar Əsədov isə avtomobil idxalında baş verən artımı sözügedən bazarın artıq yeni qaydalara adaptasiya olunması ilə əlaqələndirdi: “Yadınızdadırsa, bir neçə il öncə Azərbaycana köhnə istehsal tarixli maşınların idxalı qadağan edildi. Bu da avtomobil bazarı üçün yeni qaydalar idi. Ona görə də lazım idi ki, bazarın həmin yeni qaydalara adaptasiya olunsun. Artıq göründüyü kimi bazar həmin yeni qaydalara adaptasiya olunub. Bunun da nəticəsində avtomobil idxalında müəyyən qədər artımlar baş verir. 
Sözügedən qərarın verilməsinə qədər Azərbaycana gətirilən avtomobillərin əksər hissəsini ili köhnə olanlar təşkil edirdi. Çünki Azərbaycan bazarı elə də varlı olmadığından çalışırdılar ki, nisbətən ucuz avtomobil alsınlar. Köhnə maşınların idxalının dayandırılması fonunda isə lazım idi ki, bazar bahalı yeni avtomobillərin satışına adaptasiya olunsun. Digər tərəfdən, avtomobilin kredit yolu ilə alınması prosesi mürəkkəbləşdirildi, faktiki olaraq, dayandırıldı. Bunlar hamısı avtomobil bazarının imkanlarını istər-istəməz məhdudlaşdırmışdı. İndi isə banklar tədricən də olsa avtomobil krediti verilişini bərpa etməyə başlayıblar. Onu da qeyd edim ki, son dövrlər avtomobil bazarında qiymətlər təxminən 30-35 faiz yüksəlib. Bu da onun göstəricisidir ki, avtomobil bazarı yeni şərtlərə artıq uyğunlaşır”.
Rüfət NADİROĞLU