Ermənistanın “dostları” da onu qınayırlar

25 Oktyabr 2017 09:30 (UTC+04:00)

“Ermənistanda Azərbaycan ərazilərinin hərbi əməliyyatlar zamanı işğal olunduğunu anlamalıdırlar və bu, onların Ermənistana aid olduğu mənasını vermir. Danışıqların əsas və ciddi hissəsi budur. Sənə aid olmayanı qaytarmaq lazımdır...”. Bu barədə 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov “Joxovurd” qəzetinə müsahibəsində bildirib. Vladimir Kazimirov adətən, ermənipərəst şəxs kimi qələmə verilir. Amma indi o da ermənilərin işğalçı olduğunu bildirir. Erməni mediası isə yazır ki, əslində, bütün bunlar Azərbaycan diplomatiyasının gedişlərinin nəticəsidir. Ümumiyətlə, Rusiyada, elə ABŞ-da da Ermənistanın işğalçı olduğunu deyənlərin sayı sürətlə artır. 

Kazimirovdan əvvəl lap bu yaxınlarda ABŞ və Fransa mətbuatı da ermənilərin işğalçılıq siyasəti yürütdüklərini qələmə almışdılar. İndi dünya ictimaiyyəti Qarabağ münaqişəsinin mahiyyətini daha çox və dəqiq anlamağa başlayıblar. Düzdür, bu işdə Azərbaycan diplomatiyasının böyük rolu olub. Çünki, azərbaycanlılar münaqişə barəsində haqq səslərini indiyədək nə qədər ucaltsalar da, təcavüzkara haqq-nahaq təcavüzkarın tərəfində olanlar vardı. Lakin görünür,  görülən işlər hədər getməyib. Ermənistan prezidenti Serj Sarkisyanın başçılıq etdiyi rəhbər dəstə tədricən ifşa olunur və onların cinayətkar əməlləri faş olunca, gözdən düşür, dedikləri böhtanların kəsəri azalır.
Son Cenevrə danışıqları və danışıqlar başa çatandan sonra baş verənlər təcavüzkar və təcavüzə məruz qalanlar haqda təsəvvürlərin daha da konkretləşməsinə səbəb olub. Ermənistan prezidenti Serj Sarkisyanın ikiüzlü davranışı diplomatları da təəccübləndirib. İnsan gərək nə qədər simasını itirə ki, rəsmi görüşdə dediklərini yarım saat sonra ictimaiyyətə başqa şəkildə çatdıra və izi azdırmağa çalışa.
Eyni zamanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Sarkisyanın arxasınca Cenevrədə baş verənləri öz düşüncəsinin prizmasından keçirərək ictimaiyyətə çatdırmağa çalışır. Avropa ermənilərinin 4-cü qurultayında çıxış edən Nalbandyan Cenevrə görüşü barədə deyir ki, axırıncı 4 il ərzində ilk dəfə olaraq Ermənistan və Azərbaycan XİN rəhbərləri Qarabağ münaqişısinin nizamlanmasl üzrə birgə bəyanat veriblər. Bununla yanaşı o, saxtakarcasına bildirib ki, “Bakı sistemli şəkildə götürülmüş öhdəliklərdən, o cümlədən Vyana danışıqlarından kənara çıxır”. O, bu sözləri səsləndirdiyi vaxt bütün Avropada Sarkisyanın Cenevrədəki görüşdə verdiyi sözləri və vədləri otaqdan bayıra çıxan kimi “unutmasından”, başqa sözlə, ikiüzlülüyündən danışılırdı. Məhz, prezidentin və xarici işlər nazirinin xəyanətkar davranışı danışıqların pozulması üçün əsasdır. Indi, xüsusilə, Vladimir Kazimirovun həqiqəti etiraf etməsi daha danışıqlara ehtiyac qalmadığını sübut edən faktdır. Ondan müsahibə alan erməni jurnalistin ətraf ərazilərin qaytarılması əvəzinə Dağlıq Qarabağın statusu ilə bağlı verdiyi suala Kazimirov bu qısa və konkret cavab verib: “Öncə, qeyd edək ki, Azərbaycan tərəfi öz üzərinə belə bir öhdəlik götürmür”. O, Cenevrə danışıqlarından sonra münaqişə ilə bağlı real yanaşma görmədiyini də deyib: “Təbii ki, bu cür görüşlər və danışıqlar vacibdir. Danışıqların davam etdirilməsinə dair razılığın olması təbiidir. Lakin problemin yekun həlli yeni siyasi xadimlərin peyda olmasını tələb edir. Onlar dünyada baş verən hadisələr barədə real təsəvvürlərə sahib olmağı bacara bilirlərmi ? Bunu demək çətindir. Münaqişəyə qarşı mən real yanaşma görmürəm. Lakin, əgər Azərbaycan doğrudan da münaqişənin siyasi yolla həll edilməsinə dair qərar qəbul edərsə, o zaman ermənilər 90-cı illərdə işğal etdikləri torpaqları azad etməlidir”. 
Ermənistan tərəfdən çıxış edən şəxsin bu cür açıqlamaları təsadüfi sayıla bilməz. Çox ola bilər ki, Kremlin fikir daşıyıcılarından biri olan Kazimirovun bu açıqlamaları həm də Moskvanın yeni mövqeyini ifadə etsin. Bu isə münaqişənin həll variantının dəqiqləşməsinə müsbət təsir göstərə bilər.
N.NOVRUZ