Qeyri-neft sektorunun inkişafında yeni yüksəliş başlanır

25 Oktyabr 2017 09:40 (UTC+04:00)

Azərbaycan hökuməti kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması imkanını nəzərdən keçirir. Qeyd olunur ki, güzəştlər əsasən mənfəət və gəlir vergilərinə şamil olunacaq: “Yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur. Hələlik kiçik və orta biznes subyektlərinin vergilərdən tam azad olunması barədə söhbət getmir”. Eyni zamanda qeyd edilib ki, kiçik və orta sahibkarlığa dəstək verilməsi ilə bağlı müxtəlif təkliflər hökumət tərəfindən nəzərdən keçirilir. 

Ölkədə sahibkarlığın və iqtisadiyyatın qeyri-neft sektorunun geniş inkişafı, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması və yaradılması göstərir ki, iqtisadi siyasət zamanın tələblərinə cavab verir. Lakin islahatlat nə qədər geniş olsa da işin gedişatında yeni vəziyyət yaranır. Görülən tədbirlər biznes şəraitini yxşılaşdırsa da istənilən nəticəni hələ ki, almaq mümkün deyil. Başlıcası, dövlətin xəzinəsinə daxil olan vergilərlə real işin miqyası, başqa sözlə, dövriyyədə olan vəsaitlə ödənilən vergi arasında uyğunsuzluq var. Bu səbəbdən hökumət elə şərait yaratmaq istəyir ki, sahibkarlar vergidən yayınmaq haqda sadəcə, düşünməsinlər. Bunun ilkin təşviqedici yolu zaman-zaman vergi güzəştlərinin tətbiqidir. Bu tədbir paralel şəkildə inhisarçılığa və digər qanun pozuntularına da ciddi zərbə vura bilər. Hər bir halda qeyri-neft sektorunun inkişafı üçün aparılan islahatlar davam edir və indiki məqamda şərait mövcud vergi siyasətini yumşaltmağı gündəmə gətirir. 
İndiyədək ölkədə bəzi vergi güzəştləri edilib. Məsələn, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə 27 noyabr 2001-ci il tarixdə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanuna əsasən, bir sıra vergi güzəşləri tətbiq edilmişdi. Çünki, aqrar sahədə buna ehtiyac var idi. Adı çəkilən qanuna əsasən, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalıyla (o cümlədən sənaye üsulu ilə) məşğul hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət, əlavə dəyər, sadələşdirilmiş sistem üzrə vergilərdən, o cümlədən həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisindən azaddırlar. Kənd təsərrüfatı məhsullarının istehsalıyla (o cümlədən sənaye üsulu ilə) məşğul fiiziki şəxslər isə əlavə dəyər və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəmirlər. Həmin güzəştlərin sayəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının 1,7 milyard manata qədər vəsaitə qənaət etdikləri və bu müddət ərzində məşğul olduqları sahədə istehsalı 1,2 milyarddan 4,8 milyard manatadək artdırdıqları qeyd edilir.
Eynilə, müxtəlif vaxtlarda bank əmanətləri üzrə fiziki şəxslərin aldıqları faiz məbləğlərindən gəlir vergisinin tutulması və sairə bu tip güzəştlər də tətbiq edilib. Lakin bir məsələ faktdır ki, güzəştlər həmişə özünü doğruldub və istehsalın daha da genişlənməsinə təkan verib.
Budəfəki güzəştlər kiçik və orta sahibkarlar təbəqəsini əhatə edəcəksə, demək, əsas məqsəd qeyri-neft sektorunda başlanmış canlanmanı daha da sürətləndirməkdir. Büdcə gəlirlərinin artırılmasında öncül mövqeyə çıxması üçün bu sahənin dövlətin dəstəyinə ehtiyacı böyükdür. Bu əsasda vergi güzəştlərinin tətbiqi növbəti təsərrüfat ilində baramaçılıq, pambıqçılıq, fındıqçılıq, meyvəçilik, tütünçülük və digər sahələrdə böyük irəliləyişləri stimullaşdırmış olar.
N.NOVRUZ