BMT: Suriyalı qaçqınların sayı 1 milyondur

7 Mart 2013 12:54 (UTC+04:00)

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının verdiyi məlumata görə, qonşu ölkələrə sığınan qaçqınların yarısını uşaqlar təşkil edir.


Əksəriyyəti 11 yaşına qədər olan uşaqların, yaşadıqları üzündən sarsıntı keçirdikləri bildirilir. Sayları ilin əvvəlində durmadan artan qaçqınların böyük bir hissəsi İordaniya, Türkiyə, İraq və Misirə sığınıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres, "Suriyanın böyük miqyaslı fəlakətə sürükləndiyi bir vaxtda beynəlxalq təşkilatların yardım imkanlarının təhlükəyə tab gətirəcək qədər məhdud qaldığını" bildirdi. 


"Bu faciə sona çatmalıdır" ismarıcını verən Quterres, mühacir axının qonşu ölkələrdəki ehtiyatların da məhdud hala gəlməsinə səbəb olduğunu söylədi. 

Sərt keçən qış şərtləriylə mübarizə aparan qaçqınların çoxu qeyri-sağlam və çətin vəziyyətdə yaşayır.

Fevral ayından bu yana Livana sığınan təxminən 300 min qaçqın, ölkə əhalisinin sayını yüzdə 10 nisbətində artırıb.

BMT-nin məlumatına görə, 184 min qaçqının sığındığı Türkiyə, 17 düşərgə üçün 600 milyon dollardan çox pul xərcləyib.

BMT, Türkiyənin artan tələbatı qarşılamaq üçün yeni düşərgələr saldığını bildirib.

Quterres, bildirib ki, "Bu ölkələr, öz sərhədlərini suriyalı qaçqınlara açıq tutduqları və comərdlik göstərdikləri üçün təqdir olunmaqla yanaşı, həm də ayrıca dəstəklənməlidirlər". 

İordaniya kralı Abdullah , çərşənbə axşamı verdiyi açıqlamasında qaçqın axınına məruz qalan İordaniya, Türkiyə və Livanın çiyinlərindəki "ağır yükün"daşınması üçün digər ölkələrin də dəstək olmaları üçün çağırış etdi. 

Qeyd edək ki, BMT-nin mütəxəssisləri 2013-cü ilin sonlarına qədər  qaçqınların sayının 1 milyona çatacağını gözləmirdilər. Bu ilin əvvəlində təxminən 400 min insan Suriyanı tərk edib.

İordaniya xəbər agentliyi olan Petranın verdiyi məlumata görə, çərşənbə axşamı ölkəyə 2257 qaçqın daxil olub. İordaniyada olan təxminən 110 min qaçqın, şimalda Suriya sərhədlərinə yaxın Zaateri düşərgəsində yaşayır.


Onu da qeyd edək ki, Suriyada iki il öncə dövlət başçısı Bəşər Əsədə qarşı baş vermiş üsyanlarda 70 mindən çox insan həyatını itirmişdi.