Bankların regionlarda ayrı-seçkilik siyasəti davam edir

26 Oktyabr 2017 07:00 (UTC+04:00)

Bankların kredit siyasəti regionlar üzrə faiz dərəcələrinin hələ də yüksək olduğunu göstərir. Bəs, nədən bankların regionlarda yüksək faizlə kredit vermə siyasətində son illərdə heç bir dəyişiklik yoxdur? Bu hal regionların sosial-iqtisadi inkişafına necə təsir edir? 

İqtisadçı Əli Əlirzayevin fikrincə, bankların regionlar üzrə kredit siyasətində faizlərin yüksək olmasının qarşısını ancaq qanunlar, göstərişlər verməklə almaq olar: “Bankların kredit siyasəti istər regionlar, istər paytaxt şəhəri, istər fərdlər, istərsə də sahibkarlar olsun, adətən qanunla tənzimlənir. Banklar krediti kredit prinsipinə, regionların xüsusiyyətinə uyğun olaraq verir. 
Bazar münasibətləri şəraitində kredit üzrə faiz dərəcəsinin aşağı salınıb-salınmaması elə bazar münasibətlərindən asılı bir prosesdir. Bu fonda özəl banklardan regionlar üzrə faiz dərəcəsini aşağı salmağı tələb etmək doğru yanaşma olmaz. Bankların da kredit verməkdə məqsədi gəlir götürməkdir. Onlar ilk növbədə kommersiya maraqlarını əsas götürürlər. Bu əsasda onlar regionlara krediti daha yüksək fazilə verərkən risk amilini də əsas götürürlər. Nə qədər ki,  həmin risq amili aradan qaldırılmayıb, banklar regionlara krediti daha yüksək faizlə verməkdə haqlıdır. Regionların bu fonda  daha aşağı faizli kreditlərə çıxışını təmin etmək üçün xüsusi fondlar yaradılmalıdır. Məhz Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Fondu, Dövlət İnvestisiya Ayırmaları Fondu kimi qurumlar bu işi görə bilər. 
Digər tərəfdən, regionları ələbaxımlı etmək də düzgün deyil. Bütün hallarda bankların regionlar üzrə kredit siyasəti də qanunla, göstərişlərlə tənzimlənməlidir”. 
Milli Məclisin deputatı Vahid Əhmədov isə bankların regionlarla bağlı kredit siyasətində daha yüksək faiz dərəcəsini müəyyən etməsini bankların özlərində yaşanan problemlərdə axtarmağı lazım bildi: “Banklar təkcə regionlara deyil, paytaxtın özündə də kreditləri onsuz da yüksək faizlə verir. Amma doğrudur ki, bu faiz dərəcəsi regionlar üzrə daha yüksəkdir. Bunun da səbəbi bankların özlərinin vəziyyətində yaşanan problemlərlə bağlıdır. 
Bankların sağlamlaşdırılması prosesi sona çatdırılmayıb, bu məsələ hələ də həll edilməyib. Kredit portfelləri də zəifdir. Ona görə də həmin problemli banklarla işləmək lazımdır. Dövlət tərəfindən müəyyən tənzimləmə prosesi həyata keçirilməlidir. Banklar özləri faizləri aşağı salmalıdır. Aydın məsələdir ki, baş verən devalvasiyadan banklar da əziyyət çəkib, müəyyən ziyana düşüblər. Ümumiyyətlə, hazırda bank problemi Azərbaycan iqtisadiyyatında onun inkişafına əsas əngəl törədən bir nömrəli  problemdir. Sözsüz ki, bankların belə bir yol tutması regionların sosial-iqtisadi inkişafına mənfi təsirini göstərir. 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran da məhz bank sistemi olub. Bu, bir faktdır”.
Rüfət NADİROĞLU