Məcburi köçkünlərə münasibətdə böyük ədalətsizlik

26 Oktyabr 2017 09:00 (UTC+04:00)

Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevrilib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib. 

Nazir əlavə edib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır: "Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır”.
Qeyd edək ki, BMT-nin Ali Komisarlığının hesabatına görə, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 41 milyon nəfərə çatıb. Buna baxmayaraq, hələ də məcburi köçürmələrə və insan əzabına gətirib çıxaran münaqişələrin həll olunmadığını görürük. Bu fonda isə sayın daha da artması istisna edilmir. Siyasilərin fikincə, dünya güclərinin bu problemin həlli istiqamətində konkret addım atmamaları müəyyən məqsədlərə hesablanıb. 
Millət vəkili Elman Məmmədov bildirdi ki, nazir Elmar Məmmədyarov mövqeyini düzgün ifadə edib: “Hələ indi nisbətdə müəyyən qədər azalma yaranıb. Nəzərə alaq ki, 1992-ci ildə Azərbaycan əhalisinin sayı 8 milyona belə çatmırdı. Azərbaycanda hər yeddi nəfərdən biri qaçqın və məcburi köçkün idi. Yəni, dünya indi yox, keçmişdən bu cür ədalətsiz olub. O dövrdən bəri bu məsələdə dünyanın mövqeyi dəyişməyib. 
Unutmasınlar ki, qaçqın və məcbur köçkün probleminin yaradıcıları məhz Avropa ölkələrinin özləridir. Münaqişə ocaqlarının yaranma səbəblərini axtaranda gedib Qərbə çıxırıq. Yəni, zəhmət çəkib özləri problemin həlli ilə məşğul olsunlar”.
Elman Məmmədov əlavə etdi ki, qaçqın və məcburi köçkün probleminin, münaqişələrin, separatizmin qarşısını almağın asan yolları var: “Sadəcə, bunu istəmək lazımdır. Vaxtında Azərbaycanda baş qaldırmış sepratizmə qarşı mövqe ortalığa qoysa idilər, bundan sonra Gürcüstanda, Ukraynadakı separatimz başlamazdı. Artıq Avropada da bu prsoses başlayıb. Separatizm Avropada baş alıb gedəcək. Hətta ABŞ-ın ştatları qədər dövlət yarana bilər. Çünki bu problemin yaradıcılarından biri ABŞ-ın özüdür. Yaxın zamanlarda bunun zərbəsini özü yaşayacaq. Bunlar qlobal problemdir. Hansısa dövlət təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Nüfuzlu beynəlxalq qurumlar, aparıcı dövlətlər bu məsələlərdə ədalətli olmalıdırlar. Əks təqdirdə dünyanın siyasi və inzibati xəritəsinin yenidən qurulması məcburiyyətində qalacaqlar”. 
Politoloq Tofiq Abbasov bildirdi ki, bu məsələ ilə məşğul olan dünyanın müvafiq təşkilatları var: “Məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissirlığı fəaliyyət göstərir. Təəssüf ki, onların fəaliyyətinimn humanitar sahəyə aid olmasına baxmayaraq, son zamanlar daha çox siyasi proseslərlə maraqlanırlar. 
Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü olsa da, heç bir tədbir görmürlər. Çünki həmin təşkilatların rəhbərləri dünya oyunlarında daha çox simpatiya və antipatiyalarını ifadə edirlər. Əsasən də fövqəl dövlətlərin mövqeyindən asılıdırlar. Məsələn, ABŞ UNESCO-dan nümayişkarə şəkildə çıxdı. Onun ardınca İsrail təşkilatı tərk etdi. Bunlar göstərir ki, biz təşkilatlardan üstünük, heç bir mövqeyimiz tənqid oluna bilməz. Yəni, bu cür saymamazlılıq dünya düzənini pozub. Eləcə də onların davranışları beynəlxalq təşkilatların siyasətinə təsir edir. Nəticədə ikili standartlardan çıxış edirlər. Azərbaycanın timsalında bunu görmüşük. 
Bu yaxınlarda ABŞ-da Qarabağ məsələsi ilə bağlı  dinləmə keçirildi. Bildirdilər ki, Azərbaycanın silahlanması müharibəni qaçılmaz edir və orada humanitar fəlakət yarada bilər. Bəs, Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü fəlakət deyildi?! Xarici işlər nazirinin bu cür çıxışı onlara bir xatırlatmadır. Yəni, Azərbaycanın problemi var və amma Ermənistan kimi gileylənmir”.
Mübariz BAYRAMOV